Qazaxıstanlı ekspertlər: Azərbaycan Orta Dəhlizin əsas tranzit mərkəzlərindən biridir

Qazaxıstanlı ekspertlər: Azərbaycan Orta Dəhlizin əsas tranzit mərkəzlərindən biridir

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri, Orta Dəhlizin genişləndirilməsi və Mərkəzi Asiya ilə nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi Qazaxıstan ekspertlərinin diqqət çəkdiyi əsas mövzulardan olub.

Xəbər Yerində xəbər verir ki, bu barədə qazaxıstanlı politoloqlar Janat Momınkulov və Aman Mambetaliyev AZƏRTAC-a açıqlamalarında danışıblar.

Janat Momınkulov Azərbaycanın ŞƏT sammitində dialoq tərəfdaşı statusunda iştirakını Qazaxıstan baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, iki ölkənin nəqliyyat sahəsində maraqları bir sıra istiqamətlərdə üst-üstə düşür.

Ekspert bildirib ki, Qazaxıstan və Azərbaycanın Orta Dəhliz, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, limanların imkanlarının artırılması və müxtəlif nəqliyyat növlərinin vahid sistemdə əlaqələndirilməsi məsələlərində ortaq maraqları var.

Onun fikrincə, Azərbaycanın coğrafi mövqeyi ölkəni Şimal-Cənub və Şərq-Qərb istiqamətlərinin kəsişdiyi mühüm tranzit nöqtəsinə çevirir. Xüsusilə Mərkəzi Asiya ilə Qafqaz arasında nəqliyyat bağlantılarının inkişafında Azərbaycanın rolu diqqət çəkir.

Momınkulov qeyd edib ki, ənənəvi Şimal və Cənub marşrutlarının üzləşdiyi geosiyasi və logistika problemləri fonunda Orta Dəhlizə maraq artır.

“Orta Dəhliz alternativ istiqamətlərdən biridir və yük axınlarının mühüm hissəsi Azərbaycan ərazisindən keçir. Bu baxımdan Azərbaycanın ŞƏT ilə əlaqələrinin inkişafı təşkilata üzv ölkələrin də maraqlarına cavab verir”, – deyə politoloq bildirib.

Ekspertin sözlərinə görə, məsələ Qazaxıstan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hər iki ölkə nəqliyyat əlaqələrinin genişləndirilməsinin vacibliyi ilə bağlı həm siyasi, həm də diplomatik səviyyədə ortaq mövqedədir.

O əlavə edib ki, Trans-Xəzər marşrutu Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yanaşı, daha geniş Asiya bazarlarına çıxışını da asanlaşdırır.

Momınkulov Azərbaycanın Çin üçün də strateji əhəmiyyətinin artdığını vurğulayıb. Onun fikrincə, Pekin Avrasiya üzrə nəqliyyat əlaqələrinin şaxələndirilməsində maraqlıdır və Azərbaycan bu sistemdə mühüm tranzit halqa rolunu oynayır.

Digər qazaxıstanlı politoloq Aman Mambetaliyev isə Azərbaycanın ŞƏT çərçivəsində fəallığının artdığını bildirib.

Onun sözlərinə görə, Bakı müxtəlif beynəlxalq platformalarda, o cümlədən əvvəllər daha az təmsil olunduğu formatlarda mövqelərini gücləndirməyə çalışır.

Mambetaliyev hesab edir ki, ŞƏT Azərbaycan üçün bu baxımdan mühüm platformalardan biridir. O bildirib ki, təşkilata daxil olan bir sıra dövlətlərlə Azərbaycanın sıx siyasi və iqtisadi münasibətləri mövcuddur.

Politoloq təhlükəsizlik, iqtisadiyyat, ekologiya, elm, təhsil və xarici siyasət kimi sahələrdə Azərbaycanla ŞƏT ölkələri arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.

Onun fikrincə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi Türk dövlətləri ŞƏT daxilində Azərbaycanın təşəbbüslərinə dəstək göstərə bilərlər.

Mambetaliyev həmçinin dünyada baş verən geosiyasi proseslərin nəqliyyat marşrutlarına təsir etdiyini diqqətə çatdırıb. O bildirib ki, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yeni logistika imkanlarının formalaşması Türk dövlətlərinin əməkdaşlığı üçün əlavə perspektivlər yaradır.

Politoloqun sözlərinə görə, Orta Dəhliz Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

O hesab edir ki, logistika imkanlarının genişlənməsi yalnız ticarət dövriyyəsinə deyil, həm də siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsinə təsir göstərə bilər.

Mambetaliyev vurğulayıb ki, Azərbaycanın Orta Dəhlizdəki mövqeyinin güclənməsi ölkənin ŞƏT-də iqtisadi və təhlükəsizlik məsələləri də daxil olmaqla müxtəlif istiqamətlər üzrə rolunun artmasına şərait yarada bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir