Xəbər Yerində xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının ilk konfransının 65-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli görüş keçirilir.
Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Qafarova Qoşulmama Hərəkatının hazırkı “Troyka” formatının üzvü olan Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edir.
Serbiya Sarayında təşkil olunan görüşdə Hərəkatın yaranma tarixi, əsas prinsipləri və müasir beynəlxalq münasibətlər sistemində rolu müzakirə olunur.
Qeyd edək ki, Qoşulmama Hərəkatının ilk konfransı 1961-ci il sentyabrın 1-də məhz Belqradda keçirilib. Bu səbəbdən 65 illik yubiley tədbirinin Serbiyanın paytaxtında təşkil olunması xüsusi tarixi əhəmiyyət daşıyır.
Azərbaycan hazırda Qoşulmama Hərəkatının “Troyka” formatında təmsil olunur. Ölkəmiz 2019-2023-cü illərdə Hərəkata sədrlik edib və bu dövrdə təşkilatın beynəlxalq rolunun gücləndirilməsi istiqamətində bir sıra təşəbbüslər irəli sürüb.
Mənbə: Report.az

