Dövlət qurumlarının adından zəng edən şəxslər bank hesablarındakı pulları “təhlükəsiz hesaba” köçürməyi tələb edirlər
Son günlər kiberdələduzlar dövlət qurumlarının adından vətəndaşlara zəng edərək müxtəlif üsullarla pul və şəxsi məlumatları ələ keçirməyə çalışırlar.
Xəbər Yerində xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, dələduzlar vətəndaşlara bank hesablarında olan vəsaitlərin təhlükə altında olduğunu bildirərək pullarını başqa hesablara köçürmələrini istəyirlər. Zənglərin və mesajların müxtəlif xarici ölkələrdən edildiyi də qeyd olunur.
DİN: Heç bir kodu paylaşmayın
Nazirlik vətəndaşlara tanımadıqları şəxslərin zəng və mesajlarına etibar etməməyi, bank və şəxsi məlumatlarını qarşı tərəfə verməməyi tövsiyə edib.
Həmçinin mobil telefona göndərilən OTP və digər təsdiq kodlarının paylaşılmaması, şübhəli keçidlərə daxil olunmaması və belə müraciətlər əsasında heç bir ödəniş və ya maliyyə əməliyyatının həyata keçirilməməsi barədə xəbərdarlıq edilib.
DİN bildirir ki, dövlət qurumları telefon, sosial şəbəkə və ya mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlardan bank kartlarının məxfi məlumatlarını, CVV/CVC və OTP kodlarını tələb etmir.
Nazirlik vurğulayıb ki, bu məlumatların üçüncü şəxslərə verilməsi bank hesablarındakı vəsaitlərin oğurlanmasına səbəb ola bilər.
Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşan şəxslər “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

