“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda iş üzrə hökm elan olunub.
Məhkəmə araşdırması zamanı Səməndərova qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamının zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqləndiyi bildirilib.
İttihama əsasən, MTK rəhbəri eyni mənzili bir neçə şəxsə satıb. Məhkəmə təqsirləndirilən şəxsin əməllərini sübuta yetirilmiş hesab edib.
Hökmə əsasən, Emil Səməndərov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Emil Səməndərov bundan əvvəl digər tanınmış iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə də gündəmə gəlmişdi.
Buna səbəb İsfəndiyar Axundovun televiziya verilişlərindən birində Səməndərovu “dələduz” adlandırması olub. MTK rəhbəri hesab edib ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan bu ifadənin səsləndirilməsi onun hüquqlarını pozur və qarşı tərəfin cəzalandırılmasını istəyib.
Lakin məhkəmə Səməndərovun şikayətini əsassız hesab edib və İsfəndiyar Axundova bəraət verib.

