Azərbaycanda bank sektorunda depozitlərin həcmi artmaqda davam edir.
Avqustun 1-nə olan məlumata görə, ölkə banklarının ümumi depozit portfeli 44 milyard 501,1 milyon manat təşkil edib. Bu göstərici iyulun 1-i ilə müqayisədə 0,8 faiz, ilin əvvəli ilə müqayisədə 6,55 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,5 faiz artıb.
Depozitlərin yarısı – 22 milyard 244,3 milyon manat qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bununla belə, bu kateqoriya üzrə depozitlər bir il ərzində 4,3 faiz azalıb.
Əhalinin banklardakı əmanətlərində isə daha nəzərəçarpan artım qeydə alınıb. Son bir ildə ev təsərrüfatlarının əmanətləri 15,8 faiz artaraq 17 milyard 896,7 milyon manata yüksəlib.
Maliyyə təşkilatlarının banklardakı depozitləri də əhəmiyyətli dərəcədə artıb. Bu kateqoriyada illik artım 41,8 faiz olub və ümumi məbləğ 4 milyard 360,2 milyon manata çatıb.
Əmanətlərin böyük hissəsi qısamüddətlidir
Müddət baxımından da depozit portfelində maraqlı mənzərə yaranıb. Avqustun 1-nə banklardakı depozitlərin 23 milyard 823 milyon manatı qısamüddətli, 20 milyard 678,1 milyon manatı isə uzunmüddətli olub.
Qısamüddətli depozitlər bir il ərzində 6,2 faiz, uzunmüddətli depozitlər isə 6,85 faiz artıb.
Beləliklə, ümumi göstəricilər həm əhalinin banklarda saxladığı vəsaitlərin artdığını, həm də maliyyə sektorunda depozitlərə marağın yüksəldiyini göstərir. Xüsusilə əhalinin əmanətlərindəki 15,8 faizlik illik artım banklarda saxlanılan vəsaitlərin strukturunda ev təsərrüfatlarının rolunun gücləndiyini göstərir.
Mənbə: Modern.az

