Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi, polkovnik Elnur Süleymanov və həmin idarənin daha üç əməkdaşı barəsində cinayət işi başlanılıb.
“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, keçmiş əməkdaşlar 1 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunurlar.
Cinayət işi üzrə Elnur Süleymanovla yanaşı, bölmə rəisi, polkovnik-leytenant Emin Əliyev, həmçinin idarənin əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü maddəsi – xüsusilə külli miqdarda mənimsəmə ilə bağlı yekun ittiham elan olunub.
Təqsirləndirilən şəxslər hazırda həbsdə deyillər. Onların barəsində məhkəməyədək alternativ qətimkan tədbiri seçilib.
İttiham üzrə dəymiş ziyanın ödənilməməsi halında şəxsləri 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Qeyd edək ki, Elnur Süleymanov daha əvvəl Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə təqdim etdiyi hesabatla gündəmə gəlmişdi.
Həmin hesabatda Süleymanov N.Sadıkov üçün 6 dəst armudu stəkanın alınmasına 21 min manat vəsait xərcləndiyini qeyd etmişdi. Bundan başqa, hər biri 100 manata olmaqla 80 şüşə çaxır alındığı və bunun üçün ümumilikdə 8 min manat ödənildiyi bildirilmişdi.

