İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Meloni bununla bağlı “X” hesabında paylaşım edib. O, müraciətində Azərbaycan və İtaliya arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
İtaliya hökumətinin başçısı iki ölkənin illər ərzində ortaq maraq və baxışlar əsasında sıx əməkdaşlıq qurduğunu qeyd edib.
“Əziz Prezident Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə təşəkkür edirəm. İtaliya və Azərbaycan illər ərzində ortaq baxış və maraqlara söykənən möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızı möhkəmləndirmək üçün birlikdə həyata keçirdiyimiz işlərlə fəxr edirəm”, – Meloni yazıb.
O əlavə edib ki, qarşıdakı dövrdə xalqların mənafeyi naminə yeni mühüm əməkdaşlıq imkanlarının yaranacağına əmindir.
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib.

