“Sabah”dan uşaq futboluna 10 milyon manatlıq proqram

“Sabah”dan uşaq futboluna 10 milyon manatlıq proqram

“Sabah” futbol klubu Azərbaycanda uşaq və yeniyetmə futbolunun inkişafına uzunmüddətli dəstək vermək məqsədilə 10 milyon manatlıq yeni proqram yaradacaq.

Klubun açıqlamasına görə, layihə “Sabah Football Academy Future Talents” (“Sabah Futbol Akademiyası – Gələcəyin İstedadları”) adlanır.

Proqramın ilkin kapitalının 10 milyon manat olması nəzərdə tutulur. Bunun 5 milyon manatı Azərbaycan Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı əsasında “Sabah” FK-ya ayrılmış maliyyə dəstəyindən, digər 5 milyon manat isə klubun öz vəsaitindən formalaşdırılacaq.

Klub bildirir ki, məqsəd ayrılan vəsaiti sadəcə xərcləmək deyil, onu qoruyaraq peşəkar şəkildə idarə etmək və gəlir əldə etməkdir. Gələcəkdə həmin gəlirlərin gənc futbolçuların inkişafına yönəldilməsi planlaşdırılır.

Proqram çərçivəsində istedadlı uşaqların ölkə üzrə aşkarlanması, onların peşəkar hazırlığı, futbol infrastrukturunun gücləndirilməsi və müasir məşq metodlarının tətbiqi nəzərdə tutulur. Eyni zamanda idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf istiqamətlərinə də diqqət ayrılacaq.

Klub uşaqların yaşadığı regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.

“Sabah” proqramın AFFA-nın uşaq və gənclər futbolunun inkişafı istiqamətində fəaliyyəti ilə uzlaşdırılmasına, həmçinin qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə önəm verəcəyini açıqlayıb.

Bundan başqa, akademiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindəki futbol məktəbləri, akademiyalar və klublarla əməkdaşlığının genişləndirilməsi planlaşdırılır.

Klubun məlumatına görə, Çempionlar Liqasında bu il keçiriləcək oyunların bilet satışından əldə olunan gəlirin müəyyən hissəsinin də yeni proqrama yönəldilməsi nəzərdə tutulur.

“Sabah” həmçinin şirkətləri və beynəlxalq tərəfdaşları layihəyə “Bünövrə Tərəfdaşı” formatında qoşulmağa dəvət edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir