Xəzər dənizinin səviyyəsində son illərdə müşahidə olunan azalma iqlim dəyişikliyinin regiona təsirlərindən biri kimi qiymətləndirilir.
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin rəsmi açılışında çıxışı zamanı bildirib ki, iqlim dəyişikliklərinin təsirləri artıq yalnız gələcəyə dair proqnozlarla məhdudlaşmır və dünyanın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda özünü göstərir.
Nazirin sözlərinə görə, bunun bariz nümunələrindən biri Xəzər dənizidir. O qeyd edib ki, son bir neçə il ərzində dənizin səviyyəsi nəzərəçarpacaq dərəcədə enib və Bakı bulvarı boyunca hazırda müşahidə olunan sahil xətti bir neçə onillik əvvəlki mənzərədən fərqlənir.
C.Bayramov vurğulayıb ki, iqlim dəyişikliklərinin yaratdığı əlavə risklər ölkələrin iqtisadiyyatına və dövlət maliyyəsinə təzyiqi artırır. Qlobal qeyri-sabitlik, münaqişələr və bazarlardakı dəyişkənlik isə mövcud çağırışları daha da dərinləşdirir.
Nazir COP29 çərçivəsində Bakıda iqlim maliyyələşdirilməsi, karbon bazarları və Paris Sazişinin digər istiqamətləri üzrə mühüm qərarların qəbul edildiyini xatırladıb. Onun sözlərinə görə, “Bakıdan Belemə Yol Xəritəsi” iqlim maliyyəsinin 1 trilyon ABŞ dollarından artıq səviyyədə səfərbər olunmasının mümkünlüyünü ortaya qoyub.
Azərbaycanın ölkə daxilində də iqlim öhdəliklərini həyata keçirdiyini bildirən nazir bərpa olunan enerji sahəsində görülən işlərə diqqət çəkib. O qeyd edib ki, günəş və külək enerjisi layihələrinin reallaşdırılması, hidroenerji imkanlarının genişləndirilməsi və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələr nəticəsində ölkənin yaşıl enerji potensialı artırılır.
Ceyhun Bayramovun sözlərinə görə, 2030-cu ilədək imzalanmış sazişlər əlavə olaraq təxminən 6 GVt günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutur.
Nazir Azərbaycanın ənənəvi enerji istehsalçısından yaşıl və dayanıqlı gələcəyin aparıcı iştirakçılarından birinə çevrilməkdə qərarlı olduğunu bildirib. O vurğulayıb ki, bu istiqamətdə həyata keçirilən siyasət Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır.
C.Bayramov Azərbaycanın beynəlxalq müstəvidə də iqlim diplomatiyasının inkişafına və bu sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə davam edəcəyini qeyd edib.

