“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində struktur islahatı aparılıb. Yeni dəyişikliklərlə tabeli qurumların sayı azaldılıb, işçi ştatlarının sayı isə 430-dan 300-ə endirilib.
Xəbər Yerində xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli qərarı ilə İdarənin yeni strukturu təsdiqlənib. Dəyişikliklərin əsas məqsədi idarəetmənin daha çevik və səmərəli təşkili, eyni funksiyaların təkrarlanmasının qarşısının alınması və resursların əsas fəaliyyət istiqamətlərinə yönəldilməsidir.
Əvvəlki strukturda Aparatla yanaşı, səkkiz tabeli qurum fəaliyyət göstərirdisə, yeni modeldə onların sayı ikiyə endirilir. Bunlar Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzidir.
Yeni yaradılacaq Muzey və Turizm Mərkəzinin İçərişəhərin turizm imkanlarının daha sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edəcəyi bildirilib. Mərkəzin muzeylər, mədəniyyət məkanları və ziyarətçi xidmətləri arasında koordinasiyanı təmin etməsi, həmçinin yeni turizm marşrutları və ziyarət proqramları hazırlaması nəzərdə tutulur.
İdarənin Aparatında da struktur modelinin dəyişdirilməsi planlaşdırılır. Belə ki, hazırkı “şöbə və sektor” sisteminin əvəzinə “departament və şöbə” modelinə keçid ediləcək. Bunun əlaqəli sahələr üzrə idarəetməni vahid rəhbərlik altında birləşdirərək qərarların daha operativ qəbuluna imkan verəcəyi qeyd olunub.
Ən diqqətçəkən dəyişikliklərdən biri isə ştat sayının azaldılmasıdır. İdarənin işçiləri üçün nəzərdə tutulan ştat vahidlərinin sayı 430-dan 300-ə endirilib. Qurum bu addımı paralel və təkrarlanan funksiyaların aradan qaldırılması, bəzi dəstək xidmətlərinin mərkəzləşdirilməsi və insan resurslarının prioritet istiqamətlərə yönəldilməsi ilə izah edib.
Məlumata görə, struktur yenilənməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl olunacaq, işçilərin qanuni hüquq və təminatları qorunacaq.
Yeni strukturun əsas hədəfi İçərişəhərin tarixi-mədəni irsinin qorunması, sakin və turistlərə göstərilən xidmətlərin yaxşılaşdırılması, eləcə də Qoruğun dayanıqlı inkişafının təmin edilməsidir.

