Leyla Əliyevanın ideya müəllifi olduğu “Ana təbiət” sərgisi Madriddə açılıb-FOTO

Leyla Əliyevanın ideya müəllifi olduğu “Ana təbiət” sərgisi Madriddə açılıb-FOTO

Madriddə Pons Fondunda Leyla Əliyevanın ideya müəllifi olduğu MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı keçirilib.

Xəbər Yerində xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

MAMA “Ana təbiət” layihəsi müxtəlif ölkələrdən rəssamları bir araya gətirərək insan və təbiət arasındakı əlaqəyə, eləcə də ətraf mühitin qorunmasının vacibliyinə diqqət çəkir.

Layihə ilk dəfə 2024-cü ildə COP29 çərçivəsində Bakıda, Heydər Əliyev Mərkəzində təqdim olunub. Daha sonra beynəlxalq sərgi kimi Manama, Roma, London, Tbilisi, Berlin, Tirana, Cenevrə və Riqada nümayiş etdirilib.

Madriddəki sərgi Heydər Əliyev Fondunun və Azərbaycanın İspaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Açılışda Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov layihənin müasir ekoloji problemlərə diqqət yönəltdiyini bildirib. O, sərginin ziyarətçilərdə təbiətə və ətraf mühitə qarşı məsuliyyət hissinin güclənməsinə töhfə verəcəyini qeyd edib.

İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin nümayəndəsi Lui Fonseka Sançez isə incəsənət və mədəniyyətin ölkələr arasında dialoqun inkişafındakı rolundan danışıb. O, həmçinin İspaniyanın zəngin təbiət ərazilərinə malik olduğunu və biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb.

Leyla Əliyeva çıxışında sərginin əsas mesajının təbiətin qorunması olduğunu bildirib. O, insanın təbiətdən aldığı nemətlərə baxmayaraq, ətraf mühitə zərər vurmaqda davam etdiyini qeyd edərək, MAMA layihəsini daha yaxşı gələcəyə aparan addımlardan biri kimi dəyərləndirib.

Sərgi sentyabrın 9-dan 18-dək ziyarətçilər üçün açıq olacaq.

Ekspozisiyada Azərbaycanla yanaşı, İspaniya, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, Almaniya və digər ölkələrin tanınmış müasir rəssamlarının əsərləri nümayiş etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir