Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondları və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinə yönəldilən hissəsindən yalnız inzibati və yardımçı vəzifə tutmayan əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə ediləcək.
Büdcədənkənar vəsaitlərin qalan hissəsi isə dövlət büdcəsinə köçürüləcək.
Sənəddə əməkdaşlara büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərlə bağlı yuxarı hədlər də müəyyənləşdirilib. Belə ki, vəzifə maaşına əlavələr aylıq vəzifə maaşının 1 mislinədək, mükafat və digər ödənişlər isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizədək ola bilər.
Fərmana əsasən, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğvi və onların mədaxil mənbələrindən istifadə ilə bağlı təkliflər də hazırlanacaq.
Həmçinin dövlət büdcəsindən maliyyələşən qurumların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulub.
Fərmanın işçilərin sosial müdafiəsi və ödənişlərlə bağlı müddəaları 2026-cı il sentyabrın 1-dən, büdcədənkənar vəsaitlərin qalan hissəsinin dövlət büdcəsinə köçürülməsini nəzərdə tutan müddəa isə 2027-ci il yanvarın 1-dən tətbiq ediləcək.

