Xəbər Yerində xəbər verir ki, 20 Sentyabr – Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xüsusi videoçarx hazırlanıb.
Videoçarxda neftçi əməyinin ölkənin enerji sektorundakı rolu, bu peşənin məsuliyyəti və neft-qaz sənayesində çalışan insanların fədakarlığı ön plana çıxarılıb.
20 Sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu gün 2001-ci ildə təsis edilib. Tarixin 20 sentyabrla əlaqələndirilməsi isə 1994-cü il sentyabrın 20-də imzalanan və Azərbaycanın yeni neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi” ilə bağlıdır.
“Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan beynəlxalq enerji layihələrində daha fəal iştirak etməyə başlayıb. Sonrakı illərdə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqları, Bakı-Tbilisi-Ceyhan və digər iri enerji layihələri ölkənin neft-qaz sektorunun inkişafında mühüm rol oynayıb.
SOCAR-ın təqdim etdiyi yeni videoçarxda da əsas diqqət məhz bu sahədə çalışan insanların əməyinə yönəldilib.

