Xəbər Yerində xəbər verir ki, 20 Sentyabr yalnız 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərinin ildönümü deyil, həm də Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən prosesin mühüm mərhələsi kimi qiymətləndirilir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov açıqlamasında deyib.
Deputatın sözlərinə görə, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət hakimiyyəti və Konstitusiya quruluşu bərpa olunub. O bildirib ki, bununla ölkə ərazisində uzun müddət mövcud olmuş separatçı idarəçilik fəaliyyətinə son qoyulub.
V.Qafarov hesab edir ki, bu nəticəyə aparan proses uzunmüddətli dövlət siyasəti çərçivəsində həyata keçirilən addımlarla bağlı olub. Onun sözlərinə görə, 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsinin bərpasından sonra növbəti əsas məqsədlərdən biri Azərbaycanın bütün ərazisində suverenliyin təmin edilməsi idi.
Deputat qeyd edib ki, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində dövlət hakimiyyətinin ölkənin bütün ərazisində bərpası təmin edilib.
Onun sözlərinə görə, 2020-ci ildən 2023-cü ilə qədər həyata keçirilən proseslərin nəticəsində əvvəlcə ərazi bütövlüyü, daha sonra isə dövlət suverenliyi tam bərpa olunub.
V.Qafarov bildirib ki, bundan sonrakı mərhələdə əsas istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma ərazilərinə qayıdışının təmin edilməsi və həmin bölgələrin ölkənin ümumi iqtisadi və sosial məkanına inteqrasiyasıdır.
Deputat 20 Sentyabrın dövlət suverenliyinin əhəmiyyətini xatırladan tarix olduğunu vurğulayıb.

