“Tap.az”dakı qızıllara göz dikdi – Satıcını maşınla sürüyüb qaçdı

“Tap.az”dakı qızıllara göz dikdi – Satıcını maşınla sürüyüb qaçdı

Xəbər Yerində xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ramin Məlikovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

4 il həbs cəzası aldı

Pravda.az-ın məlumatına görə, hakim Asif Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında iş üzrə hökm elan olunub.

Məhkəmənin qərarına əsasən, Ramin Məlikov Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

“Tap.az”da qızıl satan şəxslə görüşüb

İttiham materiallarına əsasən, hadisə bu il saat 18:30 radələrində Sumqayıt şəhərində, Bulvar küçəsində yerləşən “Mirvari City” yaşayış kompleksinin həyətində baş verib.

Ramin Məlikov “tap.az” saytında qızıl-zinət əşyaları satışı ilə məşğul olan Məhəmməd Zamanovla (soyadı şərtidir) görüşüb.

Görüş zamanı o, ümumi qiyməti 3 700 manat olan zinət əşyalarına baxıb. Satışa çıxarılan əşyaların arasında qızıl üzük, qızıl qolbaq, qızıl boyunbağı və bir cüt sırğa olub.

Ödəniş etmək bəhanəsi ilə avtomobilə keçib

İttihama görə, Ramin Məlikov qızılları bəyəndiyini bildirib və qiymətlə bağlı razılığa gəlib.

Daha sonra ödənişi həyata keçirmək üçün avtomobilə əyləşməyi təklif edib və “BMW G30” markalı avtomobilin sükanı arxasına keçib.

Lakin o, Məhəmməd Zamanovun avtomobilə əyləşməsini gözləməyib.

Zərərçəkmiş avtomobilin sağ tərəfdəki qapısının dəstəyindən tutduğu vaxt Ramin Məlikov qızıl-zinət əşyalarını götürərək ərazidən uzaqlaşmaq üçün avtomobili hərəkətə gətirib.

Satıcı avtomobilin arxasınca sürünüb

Avtomobilin hərəkətə başlaması ilə qapının dəstəyindən yapışan Məhəmməd Zamanov müəyyən məsafə boyunca sürünüb.

Daha sonra o, yerə yıxılıb. Araşdırma zamanı zərərçəkmişin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər aldığı müəyyən edilib.

Hadisədən sonra Ramin Məlikov avtomobillə ərazidən uzaqlaşıb.

Nəticədə Məhəmməd Zamanova ümumi dəyəri 3 700 manat olan qızıl-zinət əşyalarının itirilməsi ilə maddi zərər vurulub.

Məhkəmə ittihamın hüquqi tövsifi ilə razılaşmayıb

İş üzrə əsas mübahisəli məsələlərdən biri Ramin Məlikovun hərəkətlərinə hansı hüquqi qiymətin verilməsi olub.

İbtidai istintaq zamanı onun əməli quldurluq kimi qiymətləndirilib. Lakin məhkəmə bu hüquqi tövsiflə razılaşmayıb.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əvvəlcədən məqsədi zərərçəkmişə məxsus qızıl-zinət əşyalarını açıq şəkildə ələ keçirmək olub.

Qərara əsasən, bu zaman zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli xarakter daşımayan zor tətbiq edilib.

Bu halları nəzərə alan məhkəmə Ramin Məlikovun əməlinin Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilməli olduğu qənaətinə gəlib və onun barəsində 4 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir