Xəbər Yerində xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində dünən dənizdə batdığı bildirilən iki şəxslə bağlı yeni məlumatlar ortaya çıxıb.
Onlardan biri Bərdədəndir
Xəzər TV-nin xəbərinə görə, hadisə zamanı dənizdə batan şəxslərdən birinin Bərdə rayonundan olduğu məlum olub.
Yaxınlarının verdiyi məlumata görə, həmin şəxslər təxminən bir həftədir eyni yataqxanada qalırmışlar.
Dalğıc-axtarış qrupu əraziyə cəlb olunub
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu göndərilib.
Külək və dalğalar axtarışları çətinləşdirir
Hazırda Bakı və Abşeron yarımadasında küləkli və dalğalı hava şəraiti hökm sürür.
Nazirliyin məlumatına görə, əlverişsiz hava şəraiti axtarış tədbirlərinin aparılmasını müəyyən qədər çətinləşdirir. Buna baxmayaraq, təhlükəsizlik qaydalarına riayət edilməklə axtarış işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı əlavə məlumatın ictimaiyyətə təqdim olunacağını bildirib.

