“Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi”.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan tərəfindən məhv edilib, talan olunub, ağaclar kəsilərək satılıb.
Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonlarından çıxması üçün verilən 2-3 həftəlik müddətdə də ərazilərdə meşələr yandırılıb.
“Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur”, – deyə İlham Əliyev əlavə edib.

