Xəbər Yerində “DHA”ya istinadən xəbər verir ki, “Kurtlar Vadisi Pusu” serialında “Ömer Baba” obrazını canlandıran aktyor Emin Olcay keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Silivri Adliyesinə gedərək ifadə verib.
Silivri həbsxanasında 2011-ci ildə həyatını itirən Kozinoğlunun şübhəli ölümü ilə bağlı Silivri Baş Prokurorluğunun apardığı araşdırma davam edir. Olcay istintaq çərçivəsində “məlumat sahibi” qismində dindirilib.
“Gördüklərimi və bildiklərimi danışdım”
Aktyor məhkəmə binasına daxil olarkən jurnalistlərə açıqlama vermək istəməyib. O, əvvəlcə prokurorla görüşəcəyini və ifadəsini verdikdən sonra danışa biləcəyini bildirib.
İfadədən sonra isə Olcay jurnalistlərə bildirib ki, prokurora gördüklərini və bildiklərini danışıb. O, istintaqın gedişi ilə bağlı əlavə məlumat verməyəcəyini və nə danışdığını açıqlaya bilməyəcəyini deyib.
Aktyor həmçinin ölkənin itirdiyi insanların ölüm səbəblərinin aydınlaşdırılması üçün prokurorluq orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib və “yiğitlərimizin qanı yerdə qalmasın” ifadəsini işlədib.
Qeyd edək ki, Kozinoğlunun ölümü ilə bağlı yenidən başladılan araşdırmada bir neçə şəxs barəsində həbs qərarı verilib. Son məlumatlara görə, istintaq çərçivəsində saxlanılanların sayı 8-ə çatıb.

