Bakının tıxacına universitetlər səbəb olur? – Deputatlardan FƏRQLİ TƏKLİFLƏR

Bakının tıxacına universitetlər səbəb olur? – Deputatlardan FƏRQLİ TƏKLİFLƏR

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar sentyabrın 23-25-də Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədrisin distant formada təşkil olunması paytaxtdakı nəqliyyat vəziyyətinə də təsir edib.

Bundan əlavə, Bakıda metroda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat sıxlığının artması şəhər sakinlərinin gündəlik gediş-gəlişinə çətinlik yaradıb. Lakin ali məktəblərdə dərslərin müvəqqəti olaraq onlayn formata keçirilməsindən sonra paytaxt yollarında sıxlığın azalması başqa bir sualı gündəmə gətirib: Bakının tıxaclarında tələbə axınının payı nə qədərdir?

“Tıxacın səbəblərindən biri tələbə axınıdır”

Mövzu ilə bağlı “Oxu.Az”a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, universitetlərin distant təhsilə keçməsi fonunda Bakının bəzi əsas yollarında nəqliyyatın nəzərəçarpacaq dərəcədə rahatlaşması diqqətçəkən mənzərə yaradıb.

Deputatın sözlərinə görə, bu vəziyyət paytaxtdakı nəqliyyat sıxlığının səbəblərindən birinin böyük tələbə axını olduğunu göstərir.

O, bununla belə, Bakıda tıxacların bütün səbəblərini universitetlərlə əlaqələndirməyin düzgün olmadığını vurğulayıb:

“Adətən ciddi tıxacların müşahidə olunduğu bir sıra istiqamətlərdə nəqliyyatın xeyli rahatlaşması göstərir ki, paytaxtdakı sıxlığın səbəblərindən biri də böyük tələbə axınıdır. Təbii ki, tıxacın bütün səbəbini universitetlərlə bağlamaq doğru olmaz. Amma bu amilin təsirini də görməmək mümkün deyil.”

Vüqar İskəndərov məsələyə yalnız avtomobillərin sayı baxımından yanaşılmamasının vacibliyini bildirib. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin böyük hissəsinin Bakıda yerləşməsi hər il on minlərlə gəncin paytaxta gəlməsi ilə nəticələnir.

Deputat qeyd edib ki, tələbələrin şəhərə gəlməsi yalnız nəqliyyat yükünü artırmır. Onların yaşayış, xidmət, nəqliyyat və digər sosial ehtiyacları da paytaxtın mövcud infrastrukturuna əlavə yük yaradır.

O, hazırkı vəziyyəti müəyyən mənada “kiçik eksperiment” kimi qiymətləndirib. Bildirib ki, tələbələrin gündəlik hərəkətliliyinin azalması şəhərin nəqliyyat sisteminə təsirini qısa müddətdə göstərib.

“Universitetləri mexaniki şəkildə bölgələrə köçürmək düzgün olmaz”

Vüqar İskəndərov hesab edir ki, bu vəziyyətdən birbaşa “universitetləri Bakıdan çıxarmaq lazımdır” nəticəsini çıxarmaq doğru deyil.

Deputatın fikrincə, daha səmərəli yanaşma regionlarda güclü və rəqabətqabiliyyətli universitet mərkəzlərinin yaradılması, həmçinin mövcud ali məktəblərin imkanlarının genişləndirilməsidir.

Onun sözlərinə görə, gənclər yalnız diplom əldə etmək üçün deyil, keyfiyyətli təhsil almaq üçün regionlarda qalmaqda maraqlı olmalıdırlar.

Vüqar İskəndərov Qarabağ Universitetinin yaradılmasını bu baxımdan nümunə kimi göstərib və oxşar yanaşmanın ölkənin digər iqtisadi və regional mərkəzləri üçün də mərhələli şəkildə nəzərdən keçirilə biləcəyini bildirib.

Deputat qeyd edib ki, universitetin yerləşdiyi ərazidə tələbə və müəllim kontingenti ilə yanaşı, elmi mühit, xidmət sektoru, kirayə bazarı və kiçik biznes də formalaşır. Bu isə həmin regionda yeni iqtisadi dinamikanın yaranmasına səbəb ola bilər.

Onun sözlərinə görə, məsələ eyni zamanda regionların sosial-iqtisadi inkişafı siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir:

“Biz Bakının yükünü azaltmaq istəyiriksə, insanlara sadəcə ‘paytaxta gəlməyin’ deyə bilmərik. Alternativi regionlarda yaratmalıyıq. Güclü universitet, yaxşı iş yeri, müasir infrastruktur və normal sosial mühit varsa, gəncin Bakıya köçmək zərurəti də azalacaq.”

Universitetlər şəhərdən kənara köçürülə bilərmi?

Vüqar İskəndərovun sözlərinə görə, müzakirə yalnız “universitetlər bölgələrə köçürülsünmü?” sualı ilə məhdudlaşmamalıdır.

O bildirib ki, əsas məsələ Azərbaycanın ali təhsil və tələbə coğrafiyasının necə daha balanslı qurulmasıdır.

Deputatın fikrincə, mərhələli şəkildə müəyyən profilli ali məktəblərin regionlara köçürülməsi ilə yanaşı, yeni universitetlərin müasir infrastrukturla şəhərdən kənarda yaradılması da nəzərdən keçirilə bilər.

O əlavə edib ki, belə layihələrin həyata keçirilməsi böyük maliyyə və zaman tələb edir.

Digər deputat da tələbə axınının təsirini qeyd edib

Milli Məclisin deputatı Arzuxan Əlizadə isə “Oxu.Az”a açıqlamasında Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən birinin gün ərzində şəhərdə hərəkət edən insanların sayının həddindən artıq çox olması olduğunu bildirib.

O da universitetlərin paytaxtda cəmləşməsini və hər gün minlərlə tələbənin şəhərin müxtəlif istiqamətlərində hərəkət etməsini nəzərə alınmalı amillərdən biri hesab edir.

Arzuxan Əlizadə bir neçə gün əvvəl tıxac səbəbindən Milli Məclisin iclasına gecikməsi ilə bağlı açıqlama verdiyini xatırladıb.

Deputatın sözlərinə görə, ali təhsil müəssisələrində bir neçə günlük distant təhsilə keçilməsi fonunda yolların nəzərəçarpacaq dərəcədə boşalması tələbə axınının şəhər nəqliyyatına təsir göstərən amillərdən biri olduğunu ortaya qoyub.

Bununla belə, o da ali məktəblərin bölgələrə köçürülməsi məsələsinə yalnız bir istiqamətdən yanaşmağın düzgün olmadığını düşünür.

Arzuxan Əlizadə hesab edir ki, ilk növbədə ali təhsil müəssisələrinin hansı istiqamətlər üzrə regionlarda yerləşdirilə biləcəyi, həmin şəhərlərin infrastruktur imkanları, tələbə və müəllimlərin yerləşdirilməsi, nəqliyyat və sosial təminat məsələləri kompleks şəkildə araşdırılmalıdır.

“Yeni universitetlər və fakültələr regionlara çıxarıla bilər”

Deputatın fikrincə, yeni ali təhsil müəssisələrinin bölgələrdə yaradılması, həmçinin mövcud universitetlərin müəyyən fakültə və proqramlarının regionlara çıxarılması həm paytaxtın yükünün azalmasına, həm də bölgələrin inkişafına töhfə verə bilər.

Arzuxan Əlizadə vurğulayıb ki, Bakıdakı tıxac probleminin həlli yalnız yolların və nəqliyyat infrastrukturunun genişləndirilməsi ilə yekunlaşmamalıdır.

Onun sözlərinə görə, iş yerlərinin, təhsil müəssisələrinin və digər xidmətlərin paytaxtda həddindən artıq mərkəzləşməsinin qarşısının alınması uzunmüddətli dövlət siyasətinin bir hissəsi olmalıdır.

Deputat universitetlər və digər böyük institusional mərkəzlərin müəyyən hissəsinin regionlara yönəldilməsini həm regional inkişaf, həm də Bakının nəqliyyat yükünün azaldılması baxımından müzakirə edilə biləcək məsələlərdən biri hesab edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir