Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2027-ci il həcc ziyarəti üçün sənəd qəbuluna başlayıb və ziyarət paketinin ilkin qiymətini açıqlayıb.
Məlumata görə, 2027-ci il üçün bir nəfərlik həcc paketinin qiyməti ilkin olaraq 6 100 ABŞ dolları müəyyənləşdirilib. Bununla belə, qiymətin sonradan artması ehtimalı da istisna edilmir.
Azərbaycanda həcc ziyarətinin qiymətinin bəzi qonşu ölkələrlə müqayisədə yüksək olması isə diqqət çəkir.

Rusiyada həcc paketləri neçəyədir?
Rusiyada həcc ziyarəti üçün vahid qiymət mövcud deyil. Rusiya Müsəlmanları Ruhani İdarəsinin məlumatına əsasən, 2026-cı ildə ziyarətin orta qiyməti təxminən 5 353 dollar olub.
Şimal qonşumuzda həcc missiyasını özəl şirkətlər də təşkil edə bilirlər. Rusiyanın böyük həcc operatorlarından biri olan “Umma Tour” tərəfindən təqdim edilən “Стандарт Плюс” proqramının qiyməti 6 290 dollardan başlayıb. Bu məbləğə hotel, transfer və həcc qurbanı daxil edilib.
Rəsmi operator “Marwa Tour”un 2026-cı il proqramında isə əsas kvota çərçivəsində standart yerlərin qiyməti 5 690 dollar, komfort proqramların qiyməti isə 8 290 dollar təşkil edib.
Rusiyada qiymətlər zəvvarın hansı şəhərdən yola düşməsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Bunun əsas səbəbləri həmin şəhərlərdən Səudiyyə Ərəbistanına birbaşa uçuşların sayı, aviaşirkətlər arasındakı rəqabət və aviabiletlərin maya dəyəridir.
Moskvanın böyük aviasiya qovşağı olması səbəbindən paytaxtdan müntəzəm və çarter reyslərinin daha çox olması qiymətlərin digər regionlarla müqayisədə aşağı düşməsinə imkan verir.
Tatarıstan və Başqırdıstandan yola düşən zəvvarlar üçün proqramlar əsasən regional hava limanlarından xüsusi çarter reysləri və ya Küveyt-BƏƏ tranzitləri ilə təşkil edilir. Bu səbəbdən həmin proqramların qiyməti Moskva ilə müqayisədə bir qədər yüksək ola bilər.
Dağıstan və Çeçenistanda isə Səudiyyə Ərəbistanına tələbatın yüksək olması və birbaşa uçuş imkanlarının mövcudluğu səbəbindən Şimali Qafqaz şəhərlərindən təşkil olunan reyslərin qiyməti proqramın müddətinə uyğun olaraq dəyişir.
Türkiyədə həcc qiyməti nə qədərdir?
Türkiyədə 2026-cı il üçün rəsmi həcc ziyarətinin minimum qiyməti təxminən 6 933 ABŞ dolları müəyyən edilib.
Türkiyədə həcc prosesi dövlət qurumu olan Dini İşlər İdarəsi tərəfindən tənzimlənir. Sistemin əsas xüsusiyyətlərindən biri odur ki, zəvvarın İstanbul, Ankara və ya ölkənin digər regional aeroportlarından yola düşməsindən asılı olmayaraq, seçdiyi otaq kateqoriyasına uyğun ödəniş eyni olur.
Türkiyədə Dini İşlər İdarəsi ilə yanaşı, özəl şirkətlər də həcc təşkilində iştirak edir. Zəvvar püşkatma yolu ilə özəl şirkət və ya rəsmi qurum vasitəsilə ziyarətə getməyi seçə bilər.
Gürcüstanda qiymətlər niyə daha aşağıdır?
Gürcüstanda həcc sistemi Türkiyə və Azərbaycandakı modeldən fərqlənir və daha sərbəst şəkildə təşkil olunur.
Gürcüstan Müsəlmanlar İdarəsi Səudiyyə Ərəbistanı ilə kvota və rəsmi protokolları tənzimləsə də, zəvvarların qeydiyyatı və səfərin təşkili əsasən idarə ilə koordinasiya şəraitində fəaliyyət göstərən özəl və rəsmi turizm şirkətləri və agentlikləri tərəfindən həyata keçirilir.
Gürcüstandakı turoperatorlar əsasən Türkiyənin agentlikləri və ya birbaşa Səudiyyə Ərəbistanında fəaliyyət göstərən yerli xidmət təminatçıları ilə müqavilələr bağlayırlar. Bu isə bazarda rəqabətin artmasına və qiymətlərin aşağı düşməsinə təsir göstərir.
İranda həcc 1 500 dollara yaxın başa gəlir
İranın Həcc və Ziyarət Təşkilatının məlumatına görə, adi ziyarət qruplarında bir nəfər üçün həcc paketinin qiyməti təxminən 1 411-1 647 dollar təşkil edir.
Beləliklə, qonşu ölkələr arasında həcc qiymətlərində ciddi fərqlər olduğu görünür.
Azərbaycanda həcc missiyası yalnız QMİ-yə həvalə edilir
Azərbaycanda həcc missiyasını təşkil etmək səlahiyyəti yalnız Qafqaz Müsəlmanları İdarəsinə məxsusdur. Özəl turizm şirkətlərinə bu istiqamətdə səlahiyyət verilmir.
Bundan başqa, bir müddət əvvəl Məkkədə Qırğızıstan vətəndaşları üçün pulsuz hotelin tikintisinə başlanıldığı da açıqlanıb. Binanın istifadəyə verilməsindən sonra zəvvarlarla yanaşı, tələbələrin də burada yerləşdirilməsi nəzərdə tutulur.
Qırğızıstan Prezident Administrasiyasının İnformasiya Siyasəti Xidmətinin rəhbəri Dayirbek Orunbekovun sözlərinə görə, yeni bina Səudiyyə Ərəbistanına gələn qırğız vətəndaşları üçün, o cümlədən həcc və təhsil məqsədilə ölkəyə səfər edən şəxslərə pulsuz yaşayış imkanı yaratmaq məqsədi daşıyır.
QMİ: “Qiymətimiz normaldır”
Mövzu ilə bağlı “Oxu.Az”ın suallarını Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri cavablandırıb.
Həcc paketinin qiymətinin formalaşmasına təsir edən amillər barədə danışan Vüsal Cahangiri bildirib ki, hazırda müəyyən edilən məbləğ ötənilki qiymətlə eynidir. O, eyni zamanda qiymətin artması ehtimalının olduğunu qeyd edib.
QMİ rəsmisi Azərbaycanın həcc qiymətlərinin İran və Rusiya ilə müqayisədə yüksək ola biləcəyini, lakin Türkiyə və Mərkəzi Asiya ölkələrindən daha baha olmadığını bildirib.
Onun sözlərinə görə, Avropa ölkələrindən ziyarətə gələnlərin xərcləri 10 min dollara, Mərkəzi Asiya ölkələrindən gələn zəvvarların məsrəfləri isə təxminən 6 500-7 000 dollara çatır.
Vüsal Cahangiri Rusiyada qiymətlərin təxminən 5 min dollar ola bildiyini, lakin burada xidmət səviyyəsinin fərqli olduğunu deyib.
O qeyd edib ki, həcc paketlərində hotelin səviyyəsi, qidalanma və transfer kimi xidmətlər qiymətin formalaşmasına birbaşa təsir göstərir. Onun sözlərinə görə, Rusiyadan gedən bəzi zəvvarlar daha uzaqda yerləşən və aşağı kateqoriyalı hotellərdə qalırlar, bir otaqda 4-5 nəfər yerləşdirilir və iaşə xidməti göstərilmir.
Bu səbəbdən həmin paketlərin Azərbaycandakı qiymətdən 500-1 000 dollar aşağı olması mümkündür.
QMİ rəsmisi bunu adi turizm səfərlərindəki seçimlərlə müqayisə edib. Bildirib ki, hər hansı ölkəyə səyahət zamanı da şəxsin ödəmək istədiyi məbləğə uyğun xidmət paketi seçməsi mümkündür və qiymət buna əsasən dəyişir.
Vüsal Cahangiri Azərbaycanın müəyyən etdiyi qiymətin normal olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyədə hazırda ən aşağı xidmət paketi Azərbaycandakı qiymətdən bir qədər bahadır, daha yüksək paketlər isə 7 000-8 000, hətta 10 000 dollara qədər yüksəlir.
Azərbaycanda VIP həcc paketi təklif edilmir
QMİ rəsmisi bildirib ki, Azərbaycanda zəvvarların fərqli qiymətə VIP xidmət paketi seçmək imkanı yoxdur.
Onun sözlərinə görə, Azərbaycanda həcc xidməti vahid paket və vahid qiymət əsasında təşkil edilir.
Niyə özəl şirkətlər həcc təşkil edə bilmir?
Vüsal Cahangiri həcc missiyasının özəl turizm şirkətlərinə həvalə edilməməsinin səbəblərindən də danışıb.
O bildirib ki, həcc genişmiqyaslı, ağır və mürəkkəb ziyarətdir və bu prosesin ayrı-ayrı şirkətlərə həvalə edilməsi məqsədəuyğun hesab edilmir.
QMİ rəsmisinin sözlərinə görə, ziyarətə dövlət səviyyəsində və yüksək səviyyədə nəzarətin təmin edilməsi vacibdir.
O, zaman-zaman müxtəlif vasitəçi şirkətlərin vətəndaşları həcc və Ümrə ziyarəti adı ilə aldadaraq pullarını mənimsəməsi hallarının müşahidə edildiyini də qeyd edib.
Vüsal Cahangiri həmçinin Azərbaycandan həcc ziyarətinə gedənlərin sayının müxtəlif şirkətlər arasında bölüşdürüləcək qədər çox olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları əsasən Ümrə ziyarətinə üstünlük verirlər.
QMİ rəsmisi yekunda özəl şirkətlərə həcc təşkil etmək səlahiyyətinin verilməməsinin əsas səbəbinin təhlükəsizlik məsələsi olduğunu vurğulayıb.

