Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, əsas məqsəd uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi, qarşılıqlı hörmət və səmimiyyət mühitində böyüməsidir.
S.Rüstəmxanlı qeyd edib ki, məktəblərdə vahid geyim formasının tətbiqi yeni təcrübə deyil və dünyanın müxtəlif ölkələrində uzun illərdir mövcuddur:
“Hələ bolşevik inqilabından əvvəl – Çar Rusiyası dövründə rus-tatar məktəblərində xüsusi şagird geyimləri vardı. Bütün şagirdlər həmin geyimlərdən istifadə edirdilər. Bu gün də dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə məktəb və liseylərin özünəməxsus formaları var. Bəzi ölkələrdə geyim formaları məktəbdən-məktəbə fərqlənir, bəzilərində isə ölkə üzrə vahid forma tətbiq olunur. Yəni bu, yeni məsələ deyil və biz burada özümüzdən heç nə icad etmirik”.
“Vahid forma sosial fərqləri aradan qaldırır”
Xalq şairi vahid məktəbli formasının əsas üstünlüklərindən birinin uşaqlar arasında maddi və sosial fərqlərin nəzərə çarpmaması olduğunu vurğulayıb.
“Məktəbdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Biri bahalı geyimlərlə öz zənginliyini nümayiş etdirə bilər, digəri isə ailəsinin imkanı daxilində, bəzən illərlə eyni geyimdən istifadə etməli olar. Belə fərqlər uşaqların qəlbini incidə, onların bir-birinə münasibətinə mənfi təsir göstərə bilər.
Vahid məktəbli forması isə bu fərqləri aradan qaldıraraq uşaqların özlərini bərabər hiss etməsinə kömək edir. Onlar arasında qısqanclıq, inciklik və bir-birinə söz atmaq üçün səbəblər azalır, dostluq və qardaşlıq münasibətləri möhkəmlənir. Məncə, məktəbli formasının ən mühüm cəhətlərindən biri uşaqların psixoloji rahatlığını qorumasıdır”, – deyə S.Rüstəmxanlı bildirib.
“Eyni forma uşaqlarda kollektivə bağlılıq yaradır”
Xalq şairi öz məktəb illərini də xatırlayaraq vahid geyim formasının şagirdlərdə kollektivə bağlılıq və intizam hissi formalaşdırdığını deyib.
“Mən özüm rayonda internat məktəbində oxumuşam. Bizə ildə iki dəfə məktəbli geyimi verilirdi və hamımız eyni formada dərsə gedirdik. Bu bizim üçün sanki bayram idi. Hamımız özümüzü bir kollektivin üzvü kimi hiss edirdik.
Mənə elə gəlir ki, eyni formada məktəbə gəlmək uşaqlarda müəyyən mənada əsgər intizamı da yaradır, onları gələcəkdə Vətəni qorumaq məsuliyyətinə hazırlayır”.
“Məktəbli forması dini etiqad azadlığına qarşı deyil”
S.Rüstəmxanlı hesab edir ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığına qarşı yönəlməyib. Onun fikrincə, məktəbli formasını dini etiqad azadlığı ilə əlaqələndirmək düzgün deyil.
“Azərbaycanda insanlar istədikləri kimi geyinirlər və dini inanclarını qoruyub saxlayırlar. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, müəyyən yaşa, məsələn, 15-16-17 yaşlarına çatdıqdan sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər.
Məktəb dövründə isə onların eyni geyim formasından istifadə etməsi, geyim fərqlərinin olmaması, bir-birinə qarşı mehriban olması vacibdir. Buna görə məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozmağı doğru hesab etmirəm”.
“Cəmiyyətimizdə baş örtüyü həmişə olub”
Xalq şairi Azərbaycanda dini dəyərlərə və baş örtüyünə münasibətin tarixən formalaşmış ənənələrə əsaslandığını da bildirib.
“Azərbaycanda dinə münasibət, məncə, çox yüksək səviyyədədir. Xalqımız sovet dövründə dinə qarşı qadağaların tətbiq edildiyi, məscidlərin dağıdıldığı mərhələlərdən keçsə də, öz inancını və əqidəsini qoruyub saxlayıb. Bundan sonra da qoruyub saxlayacaq.
Bizim cəmiyyətimizdə baş örtüyü həmişə olub. Analarımız, nənələrimiz kəlağayı örtüb, şal bağlayıblar. İnsanlar həm şəhərlərdə, həm də kəndlərdə öz ənənələrinə uyğun geyiniblər və bu, heç vaxt narahatlıq doğurmayıb”.
“Hicab məsələsi xarici ölkələrin siyasi təsir vasitəsinə çevrilib”
S.Rüstəmxanlının sözlərinə görə, son illərdə hicab mövzusunun geniş müzakirə obyektinə çevrilməsində kənar siyasi təsirlərin də rolu var.
“Hicab məsələsi son illərdə bir sıra xarici ölkələrin siyasi təsir vasitəsi kimi geniş müzakirə mövzusuna çevrilib. Amma bunun məktəbdə uşaqların vahid formada təhsil almasına nə aidiyyəti var? Bunlar ayrı-ayrı məsələlərdir və onları bir-birinə qarışdırmağa ehtiyac yoxdur.
Mən məktəbli qızların hicab taxmasını tələb edən bəzi valideynlərin narazılığını da başa düşə bilmirəm. Həmin valideynlərin bir çoxu öz gənclik illərində belə geyimdən istifadə etməyib. Öz gənclik şəkillərinə baxsalar, bunu görə bilərlər”.
“Məktəbin öz tələbləri var”
Xalq şairi məktəbdə geyimlə bağlı tələblərə ilk növbədə uşaqların birgə təhsil alması və sağlam münasibətlər qurması baxımından yanaşılmalı olduğunu deyib.
“Əgər bir sinifdə fərqli dini geyim formasından istifadə olunması uşaqlar arasında narahatlıq yaradırsa, həmin geyimdən istifadə edənlərlə etməyənlərin bir-birinə münasibətini soyudursa, buna ehtiyac yoxdur. Məktəbin öz tələbləri var və uşaqlar həmin qaydalara uyğun geyinməlidirlər.
Məktəbdən kənarda isə hər kəs öz dini inancını və geyim ənənəsini davam etdirə bilər. Mənim arzum odur ki, bütün uşaqlarımız məktəbdə bir-birinə hörmətlə yanaşaraq, ayrı-seçkilik olmadan, dostluq və qardaşlıq mühitində böyüsünlər”, – deyə S.Rüstəmxanlı əlavə edib.

