“Dərs bölgüsündə rüşvət var” – Tovuz müəllimindən ŞOK İDDİA

“Dərs bölgüsündə rüşvət var” – Tovuz müəllimindən ŞOK İDDİA

37 bal toplayan müəlliməyə 27 saat, 41 bal toplayana 14 saat – Tovuzda İDDİA

Tovuz rayonunun Əyyublu kəndində yerləşən Şəhid Rövşən Alıyev adına tam orta məktəbdə müəllimlər arasında dərs bölgüsü narazılığa səbəb olub.

Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, məktəbdə ibtidai sinif müəllimi işləyən Aynurə Umudova sertifikatlaşdırma imtahanında daha yüksək nəticə göstərməsinə baxmayaraq, birləşdirilmiş sinfin ona verilmədiyini bildirib.

“41 bal toplamışam, amma sinfim mənə verilmədi”

2001-ci ildən həmin məktəbdə çalışan müəllimənin sözlərinə görə, sertifikatlaşdırma imtahanında 41 bal toplayıb. Buna baxmayaraq, 37 bal nəticə göstərən həmkarına birləşdirilmiş sinif həvalə olunub.

Aynurə Umudova dərs bölgüsündə ədalətsizliyə yol verildiyini iddia edib və hətta bu prosesdə rüşvətin rolunun olduğunu düşündüyünü bildirib. O, etirazından sonra təzyiqlə üzləşdiyini də iddia edir.

“İmtahan nəticələrinə uyğun olaraq sinfimi istəyirəm. Hazırda o müəllimənin 27 saat dərsi var, mənim isə 14 saat. Bu, hansı qanuna uyğundur?”, – deyə müəllim qeyd edib.

Regional təhsil idarəsi nə deyir?

Aynurə Umudova məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdiyini, lakin şikayətinin lazımi şəkildə dinlənilmədiyini bildirib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən isə Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, 2026-2027-ci tədris ilində şagird sayının az olması səbəbindən iki sinifdən birinin birləşdirilməsinə ehtiyac yaranıb.

Qurumun məlumatına əsasən, birləşdirilməsi nəzərdə tutulan siniflərdən birində 37 bal toplamış İlhamə Niyazovanın sinfində 17 şagird, 41 bal toplamış Aynurə Umudovanın sinfində isə 8 şagird təhsil alıb.

Qərarın səbəbi açıqlanıb

Regional Təhsil İdarəsinin açıqlamasında qeyd olunub ki, siniflərin birləşdirilməsi ilə bağlı qərar yalnız müəllimlərin sertifikatlaşdırma nəticələri əsasında qəbul edilməyib.

Bildirilib ki, qərar verilərkən şagirdlərin mənafeyi, onların psixoloji vəziyyəti və təlim prosesinin davamlılığı da nəzərə alınıb.

Nəticədə birləşdirilmiş IV sinfin İlhamə Niyazovaya həvalə edilməsi qərara alınıb.

Beləliklə, müəllimin sertifikatlaşdırma nəticəsində daha yüksək bal toplaması ilə bağlı narazılığı ilə təhsil qurumunun siniflərin şagird sayına və digər amillərə əsasən birləşdirilməsi barədə mövqeyi arasında fikir ayrılığı yaranıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir