Azərbaycanda ümumi təhsil müəssisələrində şagirdlərin vahid məktəbli geyim qaydalarına əməl etməsi ilə bağlı monitorinqlər aparılır.
Xəbər Yerində Real tv-yə istinadən xəbər verir ki, yoxlamaların əsas məqsədi şagirdlərin müəyyən edilmiş geyim normalarına riayət etməsini yoxlamaqdır.
Telekanalın əməkdaşı Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbin qarşısından hazırladığı reportajda bildirib ki, səhər saatlarından aparılan müşahidələr zamanı şagirdlərin yeni qaydalara uyğun geyimdə məktəbə gəldiyi müşahidə olunub.
Məktəbdə tədris birnövbəli təşkil edildiyindən şagirdlər səhər saatlarından dərslərə vahid geyim formasında qatılıblar.
Məktəbli geyimləri ilə bağlı yeni tələblər
Qeyd edək ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, məktəblilər vahid geyim formasında təhsil müəssisələrinə gəlməlidirlər. Həmçinin dünyəvilik prinsiplərinə zidd elementlərə üstünlük verilməməli, təhsil işçiləri də müəyyən edilmiş geyim normalarına riayət etməlidirlər.
Reportajda vurğulanıb ki, oxşar təcrübə bir sıra Asiya ölkələrində də tətbiq olunur. Vahid geyim qaydalarının şagirdlər arasında ayrı-seçkiliyin qarşısının alınmasına və onların diqqətini dərslərə yönəltməsinə töhfə verdiyi qeyd edilib.
Məktəblərdə monitorinqlərin davam etdirilməsi və yoxlamaların nəticələri ilə bağlı əlavə məlumatların təqdim olunması gözlənilir.

