Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qazaxıstanda Azərbaycan əsilli tanınmış reper Nəvai Bəkirovun (“Navai”) barəsində açılmış cinayət işinə xitam verilib və o, azadlığa buraxılıb.
“Mash” “Telegram” kanalının Qazaxıstanın Jambıl Vilayət Məhkəməsinə istinadən yaydığı məlumata görə, reper təqsirini etiraf edib. Onun barəsində narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı açılmış cinayət işi əməlinə görə peşman olması və qanun pozuntusunu ilk dəfə törətməsi nəzərə alınaraq dayandırılıb.
Məlumata əsasən, “Navai” artıq Qazaxıstandan çıxarılıb və ona 5 il müddətinə ölkə ərazisinə daxil olmaq qadağan edilib. Sənətçinin bu gün səhər saatlarında Moskvaya çatdığı bildirilir.
Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı Nəvai Bəkirovun avtomobilində narkotik maddə aşkarlanıb. Hadisə ilə bağlı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhd ittihamı üzrə cinayət işi başlanıb. Reperlə birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb.

