BMT rəsmisi Azərbaycanın islamofobiyaya qarşı mübarizəsini yüksək qiymətləndirdi
Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinusu qəbul edib.
Görüş zamanı Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırıb. O, Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğulayıb.
BMT rəsmisi Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirib. O, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd edib.
Migel Anxel Moratinos Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini və ölkəmizdə bu mövzuya həsr olunan beynəlxalq konfransların mütəmadi keçirilməsini də təqdir edib. O, BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini bildirib.
Qonaq Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına könüllü maliyyə töhfələrinə görə də təşəkkürünü ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında uzun illərdir uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib. Dövlət başçısı ölkəmizin bundan sonra da Alyansın fəaliyyətinə dəstəyini davam etdirəcəyini vurğulayıb.
İlham Əliyev Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.







