Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi – FOTO

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi – FOTO

Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.

Görüşdə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin Baş katib vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı bunu Azərbaycanla Təşkilat arasında mövcud olan güclü tərəfdaşlığın göstəricisi kimi qiymətləndirib.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının hər zaman fəal üzvü olduğunu bildirən Prezident bu siyasətin gələcəkdə də davam etdiriləcəyini qeyd edib. O, Təşkilat çərçivəsində Azərbaycanda müxtəlif siyasi, iqtisadi və idman tədbirlərinin keçirildiyini xatırladıb.

Dövlət başçısı gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini bildirib və tədbirə hazırlıq işlərinin fəal şəkildə davam etdiyini vurğulayıb.

Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu da diqqətə çatdırıb. O, Azərbaycanın bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsi, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafı, təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Baş katib Azərbaycandakı inkişafı yüksək qiymətləndirdi

İsmayıl Ould Şeyx Əhməd qəbul üçün və Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. O, Baş katib seçildikdən sonra ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirib.

Bir neçə dəfə Azərbaycanda olduğunu qeyd edən qonaq ölkəmizdə müşahidə etdiyi inkişaf proseslərini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb.

Baş katib İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun və İslam həmrəyliyinin daha da gücləndirilməsi məqsədilə Azərbaycanla birgə səyləri artırmağa hazır olduğunu bildirib.

İsmayıl Ould Şeyx Əhməd Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə edib, onun Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsindəki xidmətlərini xatırladıb. O, Azərbaycanın İslam dünyasında və İslam həmrəyliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Zəfər Günü münasibətilə təbrik

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini vurğulayan İsmayıl Ould Şeyx Əhməd qarşıdan gələn Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Baş katib regionda sülhün bərqərar olması istiqamətində Azərbaycan Prezidentinin səylərini dəstəklədiklərini bildirib.

Dezinformasiyaya qarşı birgə mübarizə müzakirə edildi

Görüşdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.

Üzv ölkələrin dezinformasiyaya qarşı birgə səylərlə mübarizə aparmasının vacibliyi vurğulanıb. Həmçinin Azərbaycanın sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir