Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən “Real” TV-nin çəkiliş qrupuna hücum edilib. Hadisə ilə bağlı açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev hücumda iştirak edən şəxsləri gözləyən hüquqi məsuliyyəti izah edib.
Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib. Hadisə barədə çəkiliş aparmaq üçün məktəbə gələn televiziya əməkdaşları ərazidə hücumla üzləşiblər.
Məlumata görə, məktəbin qarovulçusunun təkidindən sonra bir qrup şəxs çəkiliş qrupuna hücum edib. Nəticədə operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, baş verənlərdə cinayət əlamətləri olan açıq zorakılıq faktı mövcuddur və hadisəyə hüquqi qiymət verilməlidir.
Onun sözlərinə görə, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneçilik, onlara qarşı zorakılıq və sağlamlığa vurulan zərər birlikdə araşdırılmalıdır. Cinayət Məcəlləsinin 163-cü maddəsi çərçivəsində jurnalisti zorakılıq və ya zorakılıq hədəsi ilə məlumat yaymağa, yaxud məlumat yaymaqdan imtinaya məcbur etmə halları da qiymətləndirilməlidir.
Nuriyev qeyd edib ki, xəsarətlərin ağırlıq dərəcəsi məhkəmə-tibbi ekspertizası vasitəsilə müəyyənləşdirilməli, sağlamlığa zərər vurulması faktına uyğun hüquqi qiymət verilməlidir. Qrup halında xuliqanlıq əlamətləri aşkarlandığı təqdirdə, hadisə iştirakçılarının Cinayət Məcəlləsinin 221-ci maddəsinin müvafiq bəndləri ilə məsuliyyətə cəlb olunması mümkündür.
Hüquqşünas vurğulayıb ki, hücumda iştirak edənlərin şagird olması onların məsuliyyət məsələsini avtomatik olaraq aradan qaldırmır.
Ümumi qaydaya əsasən, cinayət məsuliyyəti 16 yaşdan başlayır. Qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma, eləcə də qanunda nəzərdə tutulan müəyyən ağırlaşdırıcı hallarda xuliqanlıq kimi cinayətlərə görə isə 14 yaşdan məsuliyyət yarana bilər. Hər bir şəxsin yaşı və hadisədəki konkret rolu ayrıca araşdırılmalıdır.
Əliməmməd Nuriyev məktəbin mühafizəçisinin hücumun baş verməsində iştirak etməsi ilə bağlı jurnalistin açıqlamasının da ciddi şəkildə yoxlanılmasının vacibliyini bildirib. Onun fikrincə, araşdırma yalnız zərbə vuran şəxslərlə məhdudlaşmamalı, zorakılığı təşkil edən və ya buna təhrik edən şəxslərin olub-olmadığı da müəyyənləşdirilməlidir. Təhlükəsizliyə cavabdeh şəxsin hadisədə iştirakına dair iddialara xüsusi diqqət yetirilməlidir.
Məktəblərdə mühafizə məsələsi yenidən gündəmdə
Hüquqşünas hadisənin məktəblərdə mühafizənin təşkili məsələsinə yenidən baxılmasını zəruri etdiyini bildirib.
Onun sözlərinə görə, mühafizəçinin kim tərəfindən və hansı vəzifəyə təyin edildiyi, hazırlıq səviyyəsi, vəzifə öhdəlikləri və fəaliyyətinə nəzarət məsələləri araşdırılmalıdır. Həmçinin məktəbdə özəl mühafizə şirkətinin xidmət göstərib-göstərmədiyi dəqiqləşdirilməlidir.
Nuriyev xatırladıb ki, Nazirlər Kabinetinin 20 iyul 2020-ci il tarixli 209 nömrəli qərarında dövlət məktəblərinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri tərəfindən müqavilə əsasında həyəcan siqnalizasiyası vasitəsilə qorunması nəzərdə tutulub. Bu mexanizmin tətbiqi, sistemlərin vəziyyəti və mühafizəçilərin hazırlıq səviyyəsi yoxlanılmalıdır.
Hüquqşünas məktəblərdə daimi fiziki mühafizənin müqavilə əsasında təşkili imkanlarının da genişləndirilməsini təklif edib.
O hesab edir ki, aidiyyəti təhsil qurumları və Daxili İşlər Nazirliyi məsələni birgə qiymətləndirməli, maliyyələşmə, kadr təminatı və məsuliyyət bölgüsü ilə bağlı məsələləri müzakirə etməlidirlər. Özəl mühafizə xidmətlərindən istifadə edən təhsil müəssisələrində şirkətlərin fəaliyyətinə nəzarət də gücləndirilməlidir.
Nuriyev məktəblərdə çalışacaq mühafizəçilərin işə başlamazdan əvvəl aidiyyəti daxili işlər orqanları ilə əlaqəli şəkildə yoxlanılması mexanizmini məqsədəuyğun hesab etdiyini deyib. Onun fikrincə, mühafizəçilər uşaqlarla davranış, münaqişələrin qarşısının alınması və böhran vəziyyətlərində düzgün hərəkət etmək üzrə hazırlıq keçməlidirlər.
Hüquqşünas, həmçinin Elm və Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən məktəblərdə intizamın möhkəmləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Jurnalistlərə hücuma görə hansı cəzalar nəzərdə tutulur?
Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq, zor tətbiq etməklə və ya belə zor tətbiq ediləcəyi ilə hədələməklə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtina etməyə məcbur etmək hüquqi məsuliyyət yaradır.
Bu əməllərə görə 500 manatdan 1 000 manatadək cərimə və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulur.
Eyni əməllər vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildikdə, həmin şəxs üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Cinayət Məcəlləsinin 221-ci maddəsi isə xuliqanlığa görə məsuliyyəti müəyyən edir. İctimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və zor tətbiqi, zor tətbiqi hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərə görə 1 000 manatdan 3 000 manatadək cərimə, bir ilədək müddətə islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, yaxud ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirən və ya pozuntunun qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimətlə müşayiət olunduqda, iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədilən, zərərçəkmiş şəxsə zor tətbiqi və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan əməllərə görə isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Beləliklə, hadisə üzrə hüquqi məsuliyyətin növü və ağırlığı araşdırmanın nəticələrindən, iştirakçıların yaşından, hərəkətlərinin xarakterindən və xəsarətlərin dərəcəsindən asılı olacaq.

