Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən 8 nəfərin məhkəmə prosesi başa çatıb. Təqsirləndirilən şəxslər 8 il 6 aydan 13 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Məhkəmənin qərarı ilə Vüqar Nəcəfli və Camal Gözəlov 9 il 6 ay, Tofiq Yusifli və Dadaş Həşimov 8 il 6 ay, Məhəmməd Hüseynli 13 il, Müşfiq Həşimov 10 il, Mir Cavad Hüseynli 12 il 6 ay, Tural Ağayev isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Terror təlimlərində iştirak ediblər
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan vətəndaşları Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimov 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləniblər.
Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş hazırlığı keçdikləri, silahlı münaqişələrdə iştirak etdikləri və cinayətkar məqsədlərlə silahlı təlimlərə qatıldıqları müəyyənləşdirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində istintaq altında olan şəxslərin xarici ölkələrin ərazilərində saxlanılaraq Azərbaycana gətirilməsi təmin edilib.
Terror fəaliyyətini maliyyələşdiriblər
Həyata keçirilən tədbirlərlə Tofiq Yusifli və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan vətəndaşları Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi də müəyyən olunub. Araşdırma zamanı sonuncuların digər cinayət əməlləri də aşkarlanıb.
Cinayət işi üzrə Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə və ya mütəşəkkil dəstələrin nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər.
Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

