Tələbə yataqxanasında qalmaqal: Naməlum kişi qızların qapısını döydü – VİDEO

Tələbə yataqxanasında qalmaqal: Naməlum kişi qızların qapısını döydü – VİDEO

Bakıda yerləşən “Kampus” özəl tələbə yataqxanasında naməlum kişinin qızların otaqlarının qapısını döyərək onları narahat etməsi ilə bağlı iddialar yayılıb. Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yataqxana rəhbərliyinə aid olduğu bildirilən səs yazısı da ictimailəşib.

Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, yayılan iddialara görə, səhər saatlarında yataqxanaya daxil olan naməlum kişi bir neçə qızın qapısını döyüb. Həmin vaxt mühafizəçinin postunda olmadığı da iddia edilib.

Məsələ ilə bağlı yataqxana rəhbəri Ayda xanım açıqlama verib. O bildirib ki, səs yazısını qızların olduğu qrupda özü paylaşıb və fikirlərinin yanlış anlaşılmasını istəmir.

Onun sözlərinə görə, hadisə günü yataqxanaya daxil olan şəxs özündə olmayıb və ayaqyoluna getmək istədiyini deyib. Qızlar ona yataqxananın həmin hissəsinə keçməyin qadağan olduğunu bildiriblər. Şəxs geri qayıtmayanda isə tələbələr qışqıraraq kömək çağırıblar.

Rəhbər iddia edib ki, mühafizəçi həmin vaxt qızların təhlükəsizliyini bilərəkdən nəzarətsiz qoymayıb. Onun sözlərinə görə, mühafizəçi səhərlər tələbələrə çay hazırlayır, yeməkxananı səliqəyə salır və gündəlik işləri yerinə yetirir. Hadisə isə onun qısa müddətlik başqa işlə məşğul olduğu vaxta təsadüf edib.

Ayda xanımın sözlərinə görə, tələbələr həyəcan siqnalı düyməsini basıblar və polis qısa müddətdə əraziyə gəlib. Həmin şəxsin yuxarı mərtəbəyə çıxmağa cəhd etdiyi, lakin qızların ona yaxınlaşmayaraq məsafə saxladıqları bildirilib. Araşdırma zamanı kişinin özündə olmadığı müəyyənləşdirilib.

Yataqxana rəhbəri səs yazısında səsləndirdiyi fikirlərin hadisəni normal hesab etmək mənasına gəlmədiyini vurğulayıb. O, həyatın müxtəlif hadisələrlə dolu olduğunu demək istədiyini qeyd edib.

Yataqxanada yaşayan tələbələrdən biri isə təhlükəsizlik qaydalarının ciddi olduğunu bildirib. Onun sözlərinə görə, binanın həm daxilində, həm də xaricində mühafizə var, kişi qohumlar belə yataqxananın daxilinə buraxılmır və yalnız giriş qapısına qədər gələ bilirlər.

Məsələ ilə bağlı təhlükəsizlik məsələlərini şərh edən digər şəxs isə mühafizəçinin postunu tərk etməli olduğu halda onu əvəz edəcək əməkdaşın təyin edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, mühafizə postunun boş qalması müxtəlif təhlükələrə yol aça bilər.

Əldə edilən məlumata görə, hadisədə iştirak edən şəxs polis tərəfindən müəyyən olunub və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir