İSB beynəlxalq akkreditasiyaya layiq görüldü
İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi və təşkilati inkişaf sahəsində tətbiq etdiyi təcrübələrə görə beynəlxalq akkreditasiya əldə edib.
Xəbər Yerində xəbər verir ki, Büro Böyük Britaniyanın “Investors in People” təşkilatı tərəfindən təqdim olunan “We Invest in People – Silver” (Gümüş) akkreditasiyasına layiq görülüb.
Böyük Britaniyada təsis edilən “Investors in People” təşkilatı müxtəlif qurumların liderlik, insan kapitalının idarə olunması, əməkdaşların inkişafı və korporativ mədəniyyət sahələrindəki fəaliyyətini beynəlxalq meyarlar əsasında qiymətləndirir. “We Invest in People” proqramı “Standard”, “Silver”, “Gold” və “Platinum” olmaqla dörd səviyyədən ibarətdir.
İSB akkreditasiya prosesində ilk dəfə iştirak etməsinə baxmayaraq, birbaşa “Silver” səviyyəsini əldə edib.
Qiymətləndirmə zamanı Büronun liderlik yanaşmaları, strateji hədəflərin əməkdaşlara çatdırılması, fəaliyyətin qiymətləndirilməsi, motivasiya mexanizmləri, təlim və karyera imkanları, əməkdaşların qərarvermə prosesində iştirakı, eləcə də daxili kommunikasiya təcrübələri nəzərdən keçirilib. Qiymətləndirmənin nəticələri İSB-də formalaşmış korporativ mədəniyyəti, əməkdaşlıq mühitini və təşkilati inkişaf potensialını ön plana çıxarıb.
İSB-də insan kapitalının inkişafı rəqəmsal transformasiya, texnoloji innovasiyaların tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi strateji hədəflərin mühüm tərkib hissəsi hesab olunur. Bu məqsədlə əməkdaşların bilik və bacarıqlarının artırılması, fəaliyyət nəticələrinin qiymətləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və daxili kommunikasiyanın gücləndirilməsi istiqamətində işlər davamlı olaraq təkmilləşdirilir.
Büro beynəlxalq qiymətləndirmənin nəticələrini nəzərə alaraq liderlik bacarıqlarının daha da gücləndirilməsi, əməkdaşların qərarvermə və idarəetmə proseslərində iştirakının artırılması, həmçinin peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.

