İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub. O, Gəncədə sahibkardan vergi yoxlaması zamanı daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət almaqda şübhəli bilinir.
Xəbər Yerində Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Vergi Xidməti birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovun açıqlamasına görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində faktla bağlı cinayət işi başlanılıb.
Sahibkardan daha az cərimə müqabilində rüşvət alıb
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyev 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkarda vergi yoxlaması apararkən daha az məbləğdə maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət alıb.
Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə ittiham elan edilib.
Məhkəmə barəsində həbs qərarı verib
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun məlumatında bildirilib ki, cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qanunsuz əməllərin tam dairəsinin müəyyən edilməsi və bu əməllərdə iştirak etmiş digər şəxslərin də cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər görüləcək.

