Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdaş rayonunun Pirəyir kəndi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Emil Məmmədzadənin idarə etdiyi “Opel” markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə hərəkət edən velosipedçi Vasif Həbilovu vurub.
Velosipedçi arxadan gələn avtomobilin altında qalıb
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, işıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtında, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yola düşüb.
Bu zaman arxadan gələn “Mercedes” markalı avtomobil velosipedçinin üzərindən keçib. Nəticədə o, hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, 62 yaşlı Vasif Həbilovun velosiped idarə etmək təcrübəsi olmayıb. O, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.
Faktla bağlı araşdırma aparılır.
Yol polisi velosiped sürücülərinə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini hadisədən nəticə çıxarmağa çağırıb.
Bildirilib ki, sutkanın qaranlıq vaxtında və ya məhdud görünmə şəraitində hərəkət edərkən velosipedin işıq cihazları işlək vəziyyətdə olmalıdır. Həmçinin işıqqaytarıcı elementlərin yerində olmasına və təmizliyinə nəzarət edilməli, yolun sağ kənar zolağı ilə hərəkət olunmalıdır.
Qurum sürmə vərdişləri olmayan şəxslərə isə yaşayış zonalarından kənara çıxmamağı tövsiyə edib.

