Abşeron rayonunun Fatmayı kəndində fərdi yaşayış evinə bitişik tikilidə partlayış baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Əraziyə baxış zamanı fərdi yaşayış evinə bitişik, ümumi sahəsi 10 kvadratmetr olan köməkçi tikilidə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Tikilinin tavanı dağılıb
Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanının 4 kvadratmetr sahəsi dağılıb. Hadisə zamanı iki nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin başvermə səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

