Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təşkil olunan tədbirdə çıxışı edib. Diplomatın sözlərinə görə, FETÖ sadəcə ideoloji təbliğat aparan bir qurum deyil, gizli fəaliyyət, aldatma və kəşfiyyat xarakterli üsullardan istifadə edən təhlükəli terror təşkilatıdır.
“Bu təşkilatın məqsədinin yalnız Türkiyə ilə məhdudlaşmadığını unutmamaq lazımdır”, – deyə səfir bildirib.
Birol Akgün qeyd edib ki, 15 İyul Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi, xalqın qətiyyəti və demokratiyaya bağlılığı sayəsində əldə olunan mühüm tarixi qələbədir.
Səfir çıxışı zamanı 2016-cı il çevriliş cəhdi zamanı Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü çatdırıb.
O, həmçinin hadisələrin ilk saatlarından etibarən çevriliş cəhdini qətiyyətlə pisləyən və Türkiyənin yanında dayanan Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
Birol Akgün vurğulayıb ki, həmin dövrdə Azərbaycan dövlətinin nümayiş etdirdiyi mövqe, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə davam edən sıx əməkdaşlıq “Bir millət, iki dövlət” anlayışının gücünü bir daha ortaya qoyub.
Mənə:Aznews

