Azərbaycan Mərkəzi Bankı yeni dizayn və müasir mühafizə elementləri ilə hazırlanmış 100 manatlıq pul nişanını bu gündən etibarən dövriyyəyə buraxıb.
100 manatlıq əskinas “İqtisadiyyat və inkişaf” mövzusuna həsr olunaraq mövcud konsepsiya qorunmaqla, müasir texnologiyalar və innovativ həllər əsasında yenilənib.
Yeni pul nişanında saxtalaşdırmaya qarşı bir sıra mühafizə elementləri tətbiq olunub. Bunlara üçölçülü mikrogüzgü effektinə malik rəngi dəyişən holoqram, dinamik işıq effekti yaradan və rəngini dəyişən “Spark Flow Prime” elementi, su nişanı, xüsusi qabarıq tanıma xətləri, mühafizə sapı, mikromətnlər və digər təhlükəsizlik xüsusiyyətləri daxildir.
Yenilənmiş əskinasın dizaynında müasir banknot istehsalı tendensiyalarına uyğun olaraq şaquli elementlərdən də istifadə olunub. Xüsusilə görmə məhdudiyyətli şəxslər üçün pul nişanının ön hissəsinin sağ və sol kənarlarında yerləşdirilən xüsusi qabarıq xətlər vasitəsilə onun nominalını və həqiqiliyini müəyyən etmək mümkündür.
Yeni 100 manatlıq pul nişanının üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası yer alıb. İmza əskinasın ön hissəsində, sol yuxarı küncdə yerləşdirilib.
Mərkəzi Bankın məlumatına görə, ölkədə istifadə olunan bütün nağd pul sistemləri və avadanlıqları yeni 100 manatlıq banknota uyğunlaşdırılıb. Yenilənmiş əskinas hazırda dövriyyədə olan eyni nominallı pul nişanı ilə paralel şəkildə istifadə olunacaq və ödəniş vasitəsi kimi məhdudiyyətsiz qəbul ediləcək.

