Daha 9 ailə Cəbrayılın Şükürbəyli kəndinə köçürülüb
Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köç prosesi davam edir. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə olmaqla, ümumilikdə 52 nəfər yerləşdirilib. Köç edən ailələr vaxtilə ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti yaşayan məcburi köçkünlərdən ibarətdir.
Kəndə çatan sakinlərə yeni mənzillərinin açarları təqdim olunub. Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar həmçinin torpaqların azad olunmasında xidmət göstərən Azərbaycan Ordusuna minnətdarlıqlarını çatdırıb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.



