Elşən Orucov: “Bozbash Pictures”in dayanmasının səbəbi evlilik olmadı

Elşən Orucov: “Bozbash Pictures”in dayanmasının səbəbi evlilik olmadı

Aktyor Elşən Orucov “Bozbash Pictures” layihəsinin niyə fəaliyyətini dayandırmasına aydınlıq gətirib. O, “Genə bax” proqramında bildirib ki, layihə iştirakçıları dost olduqları üçün bir araya gəlib və uğur qazandıqdan sonra “Bozbash Pictures”i daha böyük layihəyə çeviriblər.

“Elə əvvəldən dost idik. Layihə yaranmamışdan əvvəl də münasibətlərimiz yaxşı idi. Sonra gördük ki, insanlar tərəfindən maraqla qarşılanır və işi böyütmək qərarına gəldik. Məqsədimiz Azərbaycanın müxtəlif bölgələrində çəkilişlər aparmaq idi. Bəzi rayonlara hətta iki dəfə getmişdik. Bir müddətdən sonra isə fəaliyyətə fasilə verməyi düşündük”, – deyə aktyor bildirib.

Elşən Orucov qeyd edib ki, layihənin dayanmasına bir neçə amil təsir göstərib. Onun sözlərinə görə, kinoteatrlarla yaşanan problemlər və şəxsi həyatındakı dəyişikliklər bu qərarda rol oynayıb.

Verilişdə iştirak edən aktyor və aparıcı İlkin Həsəni də layihənin dayandırılmasının əsas səbəblərindən birinin kinoteatrlarla əməkdaşlıq zamanı yaranan çətinliklər olduğunu deyib.

O bildirib ki, hər film üçün aylarla hazırlıq görülürdü, lakin əldə olunan gəlir çəkilən zəhməti doğrultmurdu:

“Bir film üzərində təxminən doqquz ay işləyirdik. Ssenari yazılır, çəkilişlər aparılır, təqdimata hazırlaşırdıq. Amma gəlirin nə qədər olacağını yalnız film nümayişə çıxandan sonra öyrənirdik. Sonda görürdük ki, doqquz aylıq əməyin qarşılığı gözlədiyimiz kimi deyil”.

İlkin Həsəni əlavə edib ki, son ekran işi olan “Bombaltı” layihənin ən böyük büdcəli filmi idi. Onun sözlərinə görə, hər yeni filmdə keyfiyyəti artırmağa çalışsalar da, kinoteatrlarla bağlı yaranan çətinliklər istədikləri nəticəni əldə etmələrinə mane olub.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir