Azərbaycan Mərkəzi Bankı Böyük Britaniyanın Chartered Insurance Institute (CII) təşkilatı ilə sığorta sahəsində strateji əməkdaşlığın qurulması istiqamətində addımlar atır.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə CII-nin baş icraçı direktoru Metyu Hil arasında keçirilən görüşdə sığorta sektorunda insan kapitalının inkişafı, eləcə də Azərbaycanın beynəlxalq standartlara uyğun regional sığorta təlim mərkəzinə çevrilməsi imkanları müzakirə edilib.
Görüş zamanı CII-nin ekspert və professorlarının iştirakı ilə Azərbaycanda beynəlxalq səviyyəli peşəkar tədris proqramının tətbiqi ilə bağlı ilkin razılıq əldə olunub.
Yeni proqram çərçivəsində sığorta və maliyyə sektorunda fəaliyyət göstərən mütəxəssislər, həmçinin bu istiqamətdə karyera qurmaq istəyən şəxslər risklərin idarə edilməsi və sığorta üzrə qlobal səviyyədə tanınan təhsil imkanlarından yararlana biləcəklər.
Mərkəzi Bank qeyd edib ki, bu təşəbbüs ölkədə ixtisaslı kadr potensialının artırılmasına, əmək bazarının ehtiyaclarına uyğun mütəxəssislərin hazırlanmasına və Azərbaycanın sığorta sahəsində regional tədris mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

