Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra itkin düşən yüzlərlə ev heyvanının sahibləri ilə qovuşdurulması üçün xilasetmə işləri davam edir.
Xilas edilən heyvanlardan biri olan Catira Alejandra adlı kiçik it günlər sonra ailəsini yenidən görüb. Onun sevinc dolu reaksiyası – quyruğunu yelləməsi, sahibinə tərəf atılması və üzünü yalaması duyğulu anlara səbəb olub.
Xeberyerinde CNN-ə istinadən xəbər verir ki, Catira zəlzələdən sonra La Quaira bölgəsində tapılıb. Xilas edənlər onun əvvəlki həyatı və sahibi barədə məlumat əldə edə bilmədikləri üçün itə müvəqqəti ad veriblər. O, iyun ayında Venesuelanın bəzi bölgələrində baş verən iki güclü zəlzələdən sonra sığınacaqlara gətirilən yüzlərlə heyvandan biri olub.
Zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, çox sayda sakin evlərini və ailə üzvləri ilə yanaşı, illərdir bəslədikləri heyvanlarını da itirib.
Venesuela hökumətinin sahibsiz heyvanlara dəstək verən “Misión Nevado” layihəsinin rəhbəri Maguildas Vargas bildirib ki, iyunun 24-dən etibarən La Quaira və Karakasın San Bernardino ərazisində ən azı 648 it və pişik xilas edilib. Onlardan 18-i artıq sahiblərinə qaytarılıb.
Xilas edilən heyvanların əksəriyyətinin müxtəlif xəsarətlər aldığı, sınıqlar, travmalar və yaralanmalarla sığınacaqlara gətirildiyi qeyd olunur. Hazırda onlar baytar nəzarətində saxlanılır.
Sığınacaqlar itkin heyvanlarını axtaran insanlara sosial şəbəkələrdə məlumat paylaşmağı tövsiyə edir. Bir çox sakinlər it və pişiklərinin şəkillərini paylaşaraq onların tapılmasına çalışırlar.
La Quaira bölgəsindəki Granja Los Corales sığınacağı yüzlərlə xilas edilmiş heyvan üçün əsas toplama məntəqələrindən birinə çevrilib. Sığınacaq əməkdaşları heyvanların sahibləri ilə yenidən birləşdirilməsi üçün fəaliyyət göstərirlər.
Müstəqil sığınacaqlar da bu prosesə qoşulub. Onlardan biri olan “Amor Animal” təşkilatının rəhbəri Mariya Kordova zəlzələdən sonra La Quaira bölgəsinə gedərək 22 heyvanın xilasına kömək edib.
Kordova bildirib ki, məqsədi heyvanları yeni sahiblərə vermək deyil, ilk növbədə onları öz ailələri ilə qovuşdurmaqdır. O, 19 gün sonra Gus adlı pişiyin sahibinə qaytarılmasını bu işin ən böyük uğurlarından biri kimi qiymətləndirib.
Xilasetmə qrupları bildirir ki, bu cür görüşlər zəlzələdən zərər çəkən insanlar üçün böyük mənəvi dəstəyə çevrilir.




