Qanunsuz estetik mərkəzlə bağlı cinayət işinin istintaqı başa çatıb

Qanunsuz estetik mərkəzlə bağlı cinayət işinin istintaqı başa çatıb

“UĞUR-777” estetik mərkəzində qanunsuz tibbi fəaliyyət və Gülbadə Abdullayevanın həkim kimi fəaliyyəti ilə bağlı yayılan məlumatlar üzrə aparılan araşdırmanın nəticələri açıqlanıb.

Baş Prokurorluğun məlumatına əsasən, mediada və sosial şəbəkələrdə yayılan faktlar Nəsimi Rayon Prokurorluğunda araşdırılıb və bununla bağlı cinayət işi başlanılıb.

İstintaq zamanı toplanmış sübutlar əsasında Xəyalə İsmayılova, Müşfiq Bağırov və Rəna Quliyeva Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.

Cinayət işi üzrə ittiham aktı 2026-cı il aprelin 22-də təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.

Baş Prokurorluq bildirib ki, Gülbadə Abdullayeva barəsində Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə aparılan cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya aktının tətbiqi ilə xitam verilib. Aparılmış istintaq zamanı onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri də müəyyən edilməyib.

Bununla yanaşı, Gülbadə Abdullayevanın zərərçəkmiş şəxsə vurduğu 2 min manat maddi ziyanın, həmçinin dövlət büdcəsinə ödənilməli olan 500 manatın tam ödənilməsi təmin edilib.

Eyni zamanda, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati icraat başlanılıb və müvafiq dövlət orqanlarının qərarı ilə cərimə tətbiq olunub.

Baş Prokurorluq vurğulayıb ki, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan qanunsuz tibbi fəaliyyətlə bağlı daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə hərtərəfli araşdırılır və hər bir fakt üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir