ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 20-də axşam saatlarında İrana qarşı növbəti hava zərbələrinin həyata keçirildiyini açıqlayıb.
Məlumata görə, əməliyyat zamanı İranın hərbi komanda mərkəzləri, dəniz hərbi imkanları, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri, eləcə də hava hücumundan müdafiə sistemləri hədəfə alınıb. Bildirilib ki, məqsəd İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə hücum imkanlarını zəiflətmək olub.
CENTCOM qeyd edib ki, strateji əhəmiyyət daşıyan Hörmüz boğazı vasitəsilə beynəlxalq dəniz daşımaları davam edir. Açıqlamaya əsasən, may ayının əvvəlindən etibarən ABŞ qüvvələri təxminən 900 kommersiya gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz daşınmasına dəstək göstərib.
ABŞ Mərkəzi Komandanlığı vurğulayıb ki, bölgədə yerləşən Amerika qüvvələri Hörmüz boğazından sərbəst keçid edən mülki gəmilərə qarşı istənilən hücum və ya təhdidə görə İranı məsuliyyətə cəlb etməyə hazırdır.

