Rəqəmsal texnologiyaların sürətlə inkişafı insanların gündəlik həyatını asanlaşdırsa da, kiberdələduzluq hallarının da artmasına səbəb olub. Son illər Azərbaycanda bank kartlarından vəsaitin oğurlanması, saxta SMS və elektron məktublar, “WhatsApp” və digər sosial şəbəkə hesablarının ələ keçirilməsi, eləcə də saxta investisiya və alış-veriş elanları ilə bağlı müraciətlərin sayı artmaqdadır.
Belə ki, dələduzlar bəzən məşhur onlayn rezervasiya xidmətlərinin adından istifadə edərək istifadəçilərə saxta mesajlar göndərir, guya rezervasiyanın təsdiqlənməsi və ya yenilənməsi üçün bank kartı məlumatlarını daxil etmələrini tələb edirlər.
Mütəxəssislərin sözlərinə görə, kibercinayətkarlar getdikcə daha peşəkar üsullardan istifadə edir və insanların etibarını qazanaraq onları aldadırlar. Bəzən naməlum linkə daxil olmaq, kart məlumatlarını paylaşmaq və ya telefona göndərilən təsdiq kodunu qarşı tərəfə demək bir neçə dəqiqə ərzində bank hesabındakı vəsaitin itirilməsi ilə nəticələnə bilər.


Bundan başqa, son illərdə yüksək gəlir vədi ilə fəaliyyət göstərən müxtəlif onlayn platformalar da geniş müzakirələrə səbəb olub. Belə platformaların bəzilərində çoxsaylı vətəndaşlar, o cümlədən müxtəlif peşə sahibləri maddi zərərə məruz qaldıqlarını bildiriblər.
Xüsusilə süni intellekt texnologiyalarının inkişafı kiberdələduzluğun yeni formalarının meydana çıxmasına şərait yaradıb. Saxta səs yazıları, real görünən videolar və fişinq (phishing) hücumları istifadəçilərin aldadılmasını daha da asanlaşdırır.
Bəs kiberdələduzlar ən çox hansı üsullardan istifadə edirlər? Vətəndaşlar şəxsi məlumatlarını və bank hesablarını necə qoruya bilərlər? Mövzu ilə bağlı kibertəhlükəsizlik üzrə mütəxəssis Pasha Texnologiyanın kibertəhlükəsizlik şöbəsinin rəhbəri Əfqan Şiriyev Xeberyerinde-nin suallarını cavablandırıb.
- Azərbaycanda ən çox rast gəlinən kiberdələduzluq üsulları hansılardır?
Ən çox saxta bank zəngləri, fişinq SMS-lər, saxta iş elanları, lotereya və endirim səhifələri, həmçinin oğurlanmış sosial şəbəkə hesablarından pul istəmə halları qeydə alınır.
- İnsanlar ən çox hansı səhvlərə yol verirlər?
Vətəndaşlar kart məlumatlarını və SMS kodlarını paylaşır, eyni şifrədən istifadə edir, şübhəli linklərə daxil olur və dələduzların yaratdığı təcililik hissinə aldanırlar.
- Bir linkə daxil olmaqla telefon hack oluna bilərmi?
Təkcə linkə klikləmək adətən kifayət etmir. Təhlükə istifadəçinin saxta səhifəyə məlumat daxil etməsi və ya zərərli tətbiq quraşdırması ilə yaranır.
- Bank kartı məlumatları necə oğurlanır?
Əsas üsullar fişinq saytları, saxta zənglər, bankomat skimmerləri, etibarsız onlayn mağazalar və zərərli tətbiqlərdir.
- Şübhəli linki necə tanımaq olar?
Ünvanın düzgün yazılışını yoxlayın, qısaldılmış linklərə və tələsdirici, həddindən artıq cəlbedici məzmunlu mesajlara ehtiyatla yanaşın. Şübhə yaranarsa, rəsmi sayta özünüz daxil olun.
- Telefon hack olunarsa ilk nə etmək lazımdır?
İnterneti söndürün, bank kartlarını bloklayın, əsas hesabların şifrələrini başqa cihazdan dəyişin və iki mərhələli doğrulamanı aktivləşdirin.
- Uşaqlar internetdə nə qədər təhlükəsizdir?
Əsas risklər yad şəxslərlə ünsiyyət, zərərli məzmun və oyun fırıldaqlarıdır. Mütəxəssis valideyn nəzarətindən çox, açıq ünsiyyətin vacibliyini vurğulayır.
- Süni intellekt yeni təhlükə yaradır?
Deepfake səs və videolar dələduzluğu daha inandırıcı edir. Bununla yanaşı, banklar da fırıldaqçılığı aşkar etmək üçün süni intellektdən istifadə edirlər.
- Telefonun izlənildiyini necə anlamaq olar?
Batareyanın sürətlə boşalması, telefonun səbəbsiz qızması, internet trafikinin artması və naməlum tətbiqlərin görünməsi casus proqram əlamətləri ola bilər.
- Hakerlər ən çox hansı şifrələri sındırırlar?
Sadə şifrələr və ad-doğum tarixi kombinasiyaları ən riskli seçimlərdir. Eyni şifrənin müxtəlif hesablarda istifadəsi təhlükəni artırır.
- Güclü şifrə necə yaradılır?
Şifrə ən azı 12–14 simvoldan ibarət olmalı, hər hesab üçün fərqli seçilməli və mümkün olduqda şifrə meneceri ilə idarə edilməlidir. İki mərhələli doğrulama da mütləq aktivləşdirilməlidir.
- Pulsuz Wi-Fi istifadə edərkən hansı təhlükələr var?
Açıq şəbəkələrdə məlumatların ələ keçirilməsi riski yüksəkdir. Belə şəbəkələrdə bank əməliyyatları aparmamaq, imkan olduqda VPN və ya mobil internetdən istifadə etmək tövsiyə olunur.
- Bank kartını necə qorumaq olar?
SMS bildirişlərini aktivləşdirin, virtual kart və əməliyyat limitlərindən istifadə edin. CVV və SMS kodunu heç kimlə paylaşmayın, şübhəli əməliyyat zamanı kartı dərhal bloklayın.
Ekspert hesab edir ki, kibertəhlükəsizlik təkcə texnologiya deyil, həm də istifadəçi davranışıdır. Onun fikrincə, ehtiyatlı olmaq, məlumatları yoxlamaq və tələskən qərarlar verməmək kiberdələduzluğun qurbanına çevrilməməyin əsas şərtləridir.
Günay Safarli

