Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən yüksək temperaturla əlaqədar əhaliyə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.
Nazirlikdən bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, qarşıdan gələn şənbə və bazar günləri havanın temperaturu yüksələrək bəzi bölgələrdə 41 dərəcəyədək çatacaq.
Qeyd olunub ki, belə hava şəraiti açıq ərazilərdə, əkin sahələrində və meşə massivlərində yanğın riskini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, kondisioner və digər elektrik cihazlarından intensiv istifadə elektrik naqillərinin həddindən artıq yüklənməsinə, nəticədə qısaqapanma və yanğınlara səbəb ola bilər.
FHN vətəndaşlara evlərdə və iş yerlərində elektrik şəbəkəsini həddindən artıq yükləməməyi, elektrik qurğularının texniki vəziyyətini yoxlamağı, nasazlıqları vaxtında aradan qaldırmağı tövsiyə edir. Həmçinin əkin sahələrində, xırmanlarda, ot tayaları olan ərazilərdə açıq oddan istifadə edilməməsi, siqaret çəkilməməsi, həyətlərin quru ot və məişət tullantılarından mütəmadi təmizlənməsi vacib hesab olunur.
Nazirlik xəbərdarlıq edir ki, tam söndürülməmiş siqaret kötüyü, kibrit çöpü, şüşə əşyalar və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.
Bundan əlavə, meşəlik ərazilərə üz tutan vətəndaşlara tonqalı yalnız xüsusi ayrılmış yerlərdə qalamaq, quru ot, kol-kos və ağac qırıntıları olan ərazilərdən uzaq olmaq, tonqalı nəzarətsiz qoymamaq və ərazini tərk edərkən tam söndürmək tövsiyə olunub. Küləkli hava şəraitində isə tonqal qalamaq qadağandır.
FHN bir daha xatırladıb ki, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması insan həyatı, əmlak və təbiət üçün ciddi təhlükə yarada bilər.

