Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
Xerberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Zəngilan şəhərində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbul zamanı vətəndaşların məşğulluq, ünvanlı sosial yardım, birdəfəlik müavinət və digər sosial təminat məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərin hər biri fərdi qaydada araşdırılıb, aidiyyəti üzrə tədbirlər görülüb, sorğu xarakterli məsələlərə isə qanunvericiliyə uyğun izahat verilib.
Bəzi vətəndaşlar müraciətlərinə əsasən aktiv məşğulluq və özünüməşğulluq proqramlarına cəlb olunmaları üçün qeydiyyata alınıblar.
Daha sonra Anar Əliyev Ağalı kəndində fəaliyyət göstərən “Smart DOST” məntəqəsində olub, burada əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə vətəndaşlara göstərilən 130-dan çox xidmətin təşkili ilə tanış olub.
Nazir, həmçinin özünüməşğulluq proqramı çərçivəsində Ağalı kənd sakinləri Anar Məmmədov, Bəxtiyar Abdullayev və Elnur Məmmədov üçün yaradılmış kişi bərbərxanasına baxış keçirib. Bildirilib ki, proqram çərçivəsində hər üç iştirakçı müvafiq avadanlıq və aktivlərlə təmin olunub.
Qeyd olunub ki, indiyədək Zəngilan rayonunda 714 nəfərin məşğulluğu təmin edilib, onlardan 47-si üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.











