Türkiyənin Batman şəhərində yerləşən Asri qəbiristanlığında baş verən silahlı hücum nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəz Rayon İdarə Heyətinin üzvü Mehmet Direk, onun oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk həyatını itirib.
Xeberyerinde Türkiyə KİV-ə istinadən xəbər verir ki, kimliyi hələ müəyyən edilməyən silahlı şəxs və ya şəxslər qəbiristanlıqda Direk ailəsinə atəş açıblar. Hadisə nəticəsində hər üç şəxs aldıqları güllə yaralarından hadisə yerində ölüb.
Hadisədən sonra polis əməkdaşları ərazini nəzarətə götürərək giriş-çıxışı məhdudlaşdırıblar. Hücumu törədən şəxslərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
İstintaq çərçivəsində ərazidəki müşahidə kameralarının görüntüləri araşdırılır, şübhəlilərin qaçış marşrutunun müəyyənləşdirilməsi istiqamətində əməliyyat davam etdirilir. Hücumun motivi hələlik açıqlanmayıb.
Hadisə ilə bağlı AK Parti Batman İl Təşkilatının sədri Hüseyn Şansi sosial şəbəkədə paylaşım edərək hücumdan dərin kədər hissi keçirdiyini bildirib. O, həlak olanların ailəsinə və yaxınlarına başsağlığı verib.

