Ərdoğana sui-qəsddə iştirak edən FETÖ üzvü 10 ildən sonra saxlanıldı

Ərdoğana sui-qəsddə iştirak edən FETÖ üzvü 10 ildən sonra saxlanıldı

Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd qrupunda yer aldığı bildirilən, uzun illər axtarışda olan keçmiş kapitan B.K. saxlanılıb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat Baş Kəşfiyyat İdarəsinin koordinasiyası ilə Afyonkarahisar və Eskişehir polis idarələrinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.

Xeberyerinde Türkiyə KİV-ə istinadən xəbər verir ki, B.K. Prezident Ərdoğana qarşı sui-qəsd cəhdini həyata keçirən 37 nəfərlik qrupun azadlıqda qalan son üzvü olub. O, avqustun 1-də Afyonkarahisarda keçirilən xüsusi əməliyyat zamanı tutulub.

Məlumata əsasən, B.K. “Prezidentə sui-qəsd”, “dövlət vəzifəsini yerinə yetirən şəxsin qətlə yetirilməsi”, “Hərbi Cinayət Məcəlləsinin tələblərini pozma”, eləcə də “silahlı quldurluq” maddələri üzrə qırmızı bülletenlə axtarışda idi.

Şübhəli şəxsin şəhər mərkəzində FETÖ-yə məxsus olduğu bildirilən gizli mənzildə yaxalandığı qeyd olunub. Təhlükəsizlik mənbələrinin məlumatına görə, o, illərlə saxlanılmamaq üçün tez-tez xarici görünüşünü dəyişib, saxta şəxsiyyət vəsiqəsindən istifadə edib.

İstintaq materiallarına əsasən, B.K. üz tanıma sistemində qeydə alınması nəticəsində müəyyən edilərək nəzarətə götürülüb. O, külli miqdarda pul və qiymətli əşyalarla ölkədən qaçmağa hazırlaşarkən saxlanılıb.

Türkiyə Daxili İşlər Nazirliyi əməliyyatın görüntülərini də yayıb. Kadrlarda polis əməkdaşlarının gecə saatlarında gizli mənzilə daxil olaraq B.K.-ni gizləndiyi otaqda saxlaması əks olunub.

Mənzildə aparılan axtarış zamanı külli miqdarda türk lirəsi və xarici valyuta, qızıl-zinət əşyaları, saxta sənədlər, noutbuk, üç mobil telefon, müxtəlif sənədlər və rəqəmsal məlumat daşıyıcıları aşkar edilərək götürülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir