Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Mənsimə Cəlilovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Xeberyerinde Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsə şərti cəza verilib.
İttihama görə, Mənsimə Cəlilova müxtəlif vaxtlarda bir neçə qadını aldatmaq, hədə-qorxu gəlmək və onların çətin vəziyyətindən istifadə etməklə Türkiyəyə aparıb, burada cinsi istismara məruz qoyub.
Cinayət işi materiallarında qeyd olunub ki, o, 2015-ci ilin iyun ayında tanışı olan qadınlardan birinə Türkiyənin Iğdır şəhərində imkanlı şəxslə ailə quracağını vəd edərək onu razı salıb. Daha sonra qadının pasportunu götürərək özündə saxlayıb və müxtəlif ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürülməsini təşkil edib.
İttihama əsasən, həmin dövrdə başqa bir qadına Türkiyədə yüksək maaşlı iş vəd edilib və o da eyni şəkildə cinsi istismara məruz qalıb. Bundan əlavə, 2018-ci ilin yazında daha bir qadın yüksək maaşlı iş təklifi ilə aldadılaraq Türkiyəyə aparılıb və istismar edilib.
Məhkəmədə ifadə verən Mənsimə Cəlilova irəli sürülən ittihamları qəbul etməyib. O bildirib ki, zərərçəkmiş şəxslərlə əvvəllər qonşuluq münasibətləri olub, lakin onları heç vaxt Türkiyəyə aparmayıb. Buna baxmayaraq, məhkəmə təqdim olunan sübutları qiymətləndirərək onun barəsində şərti cəza hökmü çıxarıb.

