Alimlər Yerdən təxminən beş dəfə böyük kütləyə malik olan LHS 1140b adlı “super Yer” tipli planetdə atmosfer izləri aşkar ediblər. Tədqiqatın nəticələri Science jurnalında dərc olunub.
Xəbəryerində xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın müəllifi, planetşünas Kollin Çerubimin sözlərinə görə, planetin kütləsi və radiusu onun qayalıq quruluşa malik olduğunu göstərir. LHS 1140b-nin dəmir nüvəyə, silikat mantiyaya, həmçinin su və atmosferdən ibarət aşağı sıxlıqlı təbəqəyə sahib ola biləcəyi ehtimal edilir.
Planet öz ulduzunun “yaşamaq üçün əlverişli zonasında” yerləşir. Bu zona maye suyun mövcud ola biləcəyi temperatur şəraiti ilə xarakterizə olunur və həyatın yaranması üçün əsas şərtlərdən biri hesab edilir.
Tədqiqat çərçivəsində 2024-cü ilin sentyabrında Çilidə yerləşən Magellan Clay teleskopu vasitəsilə planetdən sızan helium qazı müşahidə edilib. Alimlər bu müşahidənin planetdə atmosferin mövcudluğuna işarə etdiyini bildirirlər. Onların fikrincə, atmosferdə heliumla yanaşı oksigen kimi digər qazlar da ola bilər.
LHS 1140b qırmızı cırtdan ulduzun ətrafında dövr edir. Bu tip ulduzlar ətrafındakı planetlərin atmosferini öyrənmək üçün əlverişli hesab olunsa da, yaydıqları güclü radiasiya atmosferin məhv olmasına səbəb ola bilər.
Alimlər qeyd edirlər ki, 2025-ci ildə aparılan əlavə müşahidələr zamanı helium qazı yenidən qeydə alınmayıb. Buna görə də planetdə atmosferin mövcudluğunu qəti təsdiqləmək üçün yeni müşahidələrə ehtiyac var.
Bu ilin payızında James Webb və Hubble kosmik teleskopları da daxil olmaqla bir neçə rəsədxana vasitəsilə LHS 1140b üzərində yeni müşahidələrin aparılması planlaşdırılır. Astronomlar hesab edirlər ki, nəticələr təsdiqlənərsə, bu, Günəş sistemindən kənarda həyat axtarışında mühüm irəliləyiş olacaq.

