Yaponiyanın qərbində yerləşən Tama Zooparkında bir həftə ərzində üç dişi şir həddindən artıq istilərin təsiri nəticəsində ölüb.
Zoopark rəhbərliyinin məlumatına görə, yaşı 3-15 arasında olan şirlərin yarılma müayinəsi zamanı susuzlaşma (dehidrasiya) və çoxsaylı orqan çatışmazlığı aşkarlanıb. İlkin ehtimala əsasən, ölümün əsas səbəbi rekord istilər olub.
Məlumata görə, ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəni keçib. Zoopark nümayəndəsi Miwa Kosaka bildirib ki, ötən il də isti hava müşahidə olunsa da, indiyədək belə hadisə yaşanmayıb.
Hazırda zooparkdakı daha üç şir müalicə altındadır və ayağa qalxa bilmir. Digər dörd şirin vəziyyətinin yaxşılaşdığı, altı şirin isə sağlam olduğu bildirilib. Heyvanlar portativ kondisioner və sənaye tipli ventilyatorlarla təchiz olunmuş xüsusi sahəyə köçürülür.
Tokio Universitetinin baytarlıq üzrə professoru Hideaki Karaki yüksək rütubətin şirlərin bədən temperaturunu tənzimləməsini çətinləşdirdiyini, iyulun ortalarında müşahidə olunan qəfil istilərin isə heyvanların uyğunlaşmasına imkan vermədiyini deyib.
Qeyd edək ki, Yaponiyada bu yay 43 mindən çox insan da istilər səbəbindən xəstəxanaya yerləşdirilib. Hökumət əhaliyə isti hava ilə bağlı ardıcıl xəbərdarlıqlar edir.

