Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) avqustun 10-14-də ölkənin bir sıra şəhər və rayonlarında donuz təsərrüfatlarında epizootoloji monitorinqlər aparacaq.
Xeberyerinde-nin AQTA-dan əldə etdiyi məlumata görə, yoxlamalar təsadüfi seçilmiş fərdi və fermer təsərrüfatlarını əhatə edəcək.
Monitorinqlər zamanı heyvanlara baxış keçiriləcək, laborator müayinələr üçün nümunələr götürüləcək, həmçinin baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə işi aparılacaq.
Qurum bildirib ki, məqsəd Azərbaycanın donuzların Afrika taunu xəstəliyindən azad statusunu qorumaq və digər heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirməkdir.
Monitorinqlərin nəticələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunacaq.

